Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU “Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu”nda təmsil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Selcan Kərimli, Maşınqayırma və metallurgiya fakültəsinin tələbələr Anabacı Əmiraslanova və Ömər Məmmədzadə Bakıda keçirilən “Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu”nda iştirak edib. Forumun məqsədi qlobal əməkdaşlığın inkişaf etdirilməsi, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ölkədə mövcud əlverişli imkanların tanıdılması, həmçinin Azərbaycan hökümətinin həyata keçirdiyi iqtisadi islahatların beynəlxalq miqyasda təqdim edilməsi olub. Forumun “Agro Technology” bölməsində AzTU tələbələrinin də startapları nümayiş olunub. Bu pavilyonda xüsusilə suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, biotexnoloji üsullarla istehsal edilmiş bitkilərin satışını həyata keçirən vahid platforma, aqrar fəaliyyətlərin ağıllı idarəedilməsi üzrə proqram təminatları nümayiş etdirilib. Bundan əlavə, startapçılar su hövzələrində və akvariumlarda toplanan balıq atqılarından filtrasiya yolu ilə ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli gübrənin əldə olunmasına yönəlmiş layihə, heyvandarlıqda yerli GPS izləmə sistemi, propandiol molekulunun bioloji fermentasiya üsulu ilə ekoloji mühitdə alınması, həmçinin bitki xəstəliklərinin müəyyən olunmasına imkan verən mobil tətbiq və digər innovativ ideyalar da təqdim ediblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Selcan Kərimli, Maşınqayırma və metallurgiya fakültəsinin tələbələr ..

2025-09-26
AzTU

MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 26-da Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib. Universitetin akt zalında təşkil olunan görüşdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, AzTU-nun rektoru Vilayət Vəliyev, MSN-in rəhbər şəxsləri, AzTU-nun professor-müəllim və tələbə heyəti iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. AzTU-nun rektoru V.Vəliyev çıxış edərək Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibətilə MSN-in kollektivini təbrik edib, yeni tədris ilində Nazirliklə universitet arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb. Vətən müharibəsində şanlı Zəfərin əldə edilməsində müdafiə təyinatlı müasir texnologiyaların mühüm rolunu vurğulayan rektor bu istiqamətdə yüksəkixtisaslı mühəndislərin yetişdirilməsinin dövlətimizin strateji məqsədlərindən biri olduğunu qeyd edib. O, bu baxımdan AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. V.Vəliyev MSN-in təşəbbüsü ilə AzTU-da SABAH qruplarının yaradılmasının bu istiqamətdə atılan mühüm addım olduğunu vurğulayıb. Sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Müdafiə sənayesi nazirinin müavini H.Əzimov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə AzTU-nun professor-müəllim və tələbə heyətini təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycanın müdafiə sənayesi komplekslərinin moderinizasiyası, bu sahənin liberallaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində islahatların aparıldığını deyən nazir müavini yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinin MSN-in əsas hədəflərindən biri olduğunu bildirib. Elm və Təhsil Nazirliyi ilə MSN arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində imzalanmış əməkdaşlıq Memorandumundan danışan H.Əzimov bu sahədə tədris proqramlarının təkmilləşdirilməsi, tələbələrin MSN-in müəssisələrində təcrübə keçmələri və elmi-texniki əməkdaşlığın genişləndirilməsi üçün Nazirlik tərəfindən hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. Tədbir AzTU-nun Dayanıqlı İnkişaf Mərkəzində geniş tərkibdə görüşlə davam etdirilib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində yeni tədris ilinin başlanması münasi ..

2025-09-26
AzTU

AzTU-da Anım Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Anım Günü hüznlü olduğu qədər də şərəfli bir gündür və məhz bu tarix şanlı Qələbəmizin başlanğıcı oldu. Rektor vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni səhifə açdı, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan müharibədə “Qarabağ Azərbaycandır!” şüarı Azərbaycan ordusuna güc-qüvvət verdi və nəticədə 30 illik işğala son qoyuldu. Həmin gündən 5 il keçməsinə baxmayaraq Vətən müharibəsində istifadə olunan müasir texnologiyalar, rəşadətli ordumuzun yenilməzliyi dünyanın hərbi ekspertlərinin tədqiqat mövzusuna çevrilib. Daha sonra çıxış edən Vətən müharibəsi qazisi Ramil Şirinov bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında hərbçilərimizin qəhrəmanlığı, şücaəti və peşəkarlığı, xalqımızın birliyi xüsusi rol oynayıb. Vətən müharibəsi qazisi Rəşad Aslanov çıxışında vətənpərvərliyin sadəcə hərbi geyim formasından ibarət olmadığını, hər kəsin öz işini vicdanla yerinə yetirməsində olduğunu xüsusi vurğulayıb. Daha sonra Vətən müharibəsi qaziləri AzTU-nun tələbəsi Rəşvin Şirəlizadəyə vətənpərvərlik mövzularını, şəhid və qazi ailələrini hər zaman diqqətdə saxladığına görə fəxri fərman təqdim ediblər. Çıxışlardan sonra AzTU-nun “Paradox” Teatr Klubunun təqdimatında Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında hazırlanmış “Yarım qalan arzular” tamaşası nümayiş olunub. AzTU tələbələri tamaşanı 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin ruhuna ithaf ediblər. Tamaşanın yekununda Xalq artisti Valeh Kərimov çıxış edərək AzTU tələbələrinin aktyorluq bacarığını yüksək qiymətləndirib.

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmi ..

2025-09-26
AzTU

AzTU rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxış edib

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük “THE Avrasiya Universitetlərinin Sammiti” uğurla başa çatıb. Tədbirin ikinci günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Charting the Future of Eurasian Collaboration” adlı paneldə çıxış edərək Avrasiya məkanında universitetlərarası əməkdaşlığın gələcək perspektivləri barədə fikir və təkliflərini bölüşüb. Rektor çıxışında elm və ali təhsil müəssisələri arasında ortaq tədqiqat layihələrinin təşkili, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və innovasiyayönümlü təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, sammitdə müzakirələr əsasən Avrasiya regionunda ali təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetlərin qlobal elm və innovasiya şəbəkəsinə daha fəal inteqrasiyası üçün yeni imkanların yaradılmasına həsr olunub.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən iki ..

2025-09-25
AzTU

AzTU-da SiD layihəsi çərçivəsində İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) OBA MMC-nin SiD layihəsi çərçivəsində təşkil olunan İnnovativ Həllər Marafonu üçün infosessiya keçirilib. OBA MMC-nin SiD layihəsinin meneceri, AzTU məzunu Samir Qulamzadə OBA marketlər şəbəkəsinin innovasiyanın və startapların inkişafına dəstək məqsədilə hazırlanmış SİD (Startap, İnnovasiya və Dəstək) layihəsi haqqında təqdimat edib. Bildirib ki, layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramı olmaqla, daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. O qeyd edib ki, layihə “Sənin ideyan dəstəklənir” şüarı ilə yaradıcı təşəbbüslərin inkişafını təmin edir və proqram daxilində OBA marketlər şəbəkəsinin əməliyyatlarını optimallaşdıracaq innovativ həllər hazırlanması nəzərdə tutulub. OBA MMC-nin əməkdaşı daha sonra layihənin əsas istiqamətlərindən olan  İnnovativ Həllər Marafonundan bəhs edib. Samir Qulamzadə qeyd edib ki, həm AzTU-nun akademik və inzibati heyəti, həm də tələbələri fərdi və ya komanda şəklində marafonda iştirak edərək yaradıcı və innovativ həll yolları düşünə bilərlər. Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar nəzərdə tutulur. İnnovativ Həllər Marafonunda layihələrin yekun qiymətləndirilməsi müxtəlif kriteriyalar (problemin qoyuluşu, layihənin innovativliyi, iqtisadi səmərəlilik, texnoloji əsaslılıq və tətbiq imkanları, komandanın dayanıqlılığı, davamlılıq və sosial təsir, təqdimatın keyfiyyəti və əsaslandırılması) üzrə ediləcək. İnnovativ Həllər Marafonu üçün ümumi mükafat fondu 10 000 AZN nəzərdə tutulub. Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.

Azərbaycan Texniki Universitetində (AzTU) OBA MMC-nin SiD layihəsi çərçivəsində təşkil olunan İnnovativ Həllər Marafonu üçün infosessiya keçirilib. OBA MMC-nin SiD layihəsinin menec ..

2025-09-25
AzTU

AzTU-nun Energetika fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib

Azərbycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinin 1-ci kurs tələbələri ilə görüşü keçirilib. Görüşdə fakültənin dekanı professor Hüseynqulu Quliyev, dekan müavini dosent Lalə Piriyeva və digər əməkdaşlar iştirak ediblər. Dekan Hüseynqulu Quliyev çıxış edərək tələbələri AzTU-ya qəbul olunmaqları münasibətilə təbrik edib və onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. Tələbələrə universitet və fakültə haqqında geniş məlumatlar verilib, kadr hazırlığında fakültənin əsas prioritet istiqamətləri, profili, universitet-sənaye əməkdaşlığı,  kafedralar, ikili diplom proqramları və digər zəruri məlumatlar təqdim olunub.   Sonra Hüseynqulu Quliyev tələbələri maraqlandıran sualları cavablandırıb. Daha sonra tədris işləri üzrə dekan müavini Lalə Piriyeva kredit sistemi ilə təhsilin əsas müddəaları ilə tələbələri məlumatlandırıb. Sonda 2025/2026-ci ilin tələbə qəbulu nəticələrinə görə ikili diplom proqramı üzrə elektrik və elektronika mühəndisliyi ixtisasına 619,5 balla qəbul olunan tələbə Cavidan Zeynallıya hədiyyə təqdim olunub. 

Azərbycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinin 1-ci kurs tələbələri ilə görüşü keçirilib. Görüşdə fakültənin dekanı professor Hüseynqulu Quliyev, dekan müavini ..

2025-09-24
AzTU

AzTU əməkdaşı ICPC Fondunun yüksək mükafatlarına layiq görülüb

Dünyanın nüfuzlu proqramlaşdırma yarışı olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı “ICPC Fondu”nun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ICPC Azərbaycan İcması”nın birgə əməkdaşlığı ilə 2025-ci il 31 avqust – 5 sentyabr tarixlərində Bakıda keçirilib. ICPC Dünya Finalında 70-dən çox ölkədən 139 komanda iştirak edib. 1 sentyabrda təşkil olunan ICPC Dünya Finalının açılış mərasimində AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun direktoru Etibar Seyidzadəyə ICPC Fondunun yüksək mükafatları: “İctimai Fəaliyyətə Görə Fəxri Mükafatı” və “Joseph S. DeBlasi Fəxri Əməkdaşlıq Mükafatı” təqdim olunub. ICPC Fondunun “İctimai Fəaliyyətə Görə Fəxri Mükafatı” Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin təbliğində mühüm rol oynamış fərd və ya qrupa təqdim olunur. ICPC Fondunun “Joseph S. DeBlasi Fəxri Əməkdaşlıq Mükafatı” hər il ICPC-nin beş və ya daha çox il ərzində uğurunda mühüm rol oynamış şəxsə və ya qrupa təqdim olunur. Qeyd edək ki, ICPC (Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi) 1977-ci ildən mütəmadi olaraq keçirilməkdədir. Hər il 110 ölkənin 3 mindən çox universitetindən 50 mindən çox tələbə bu müsabiqədə iştirak edir. Azərbaycan ali təhsil müəssisələrinin tələbə komandaları 2000-ci ildən ICPC - Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsində iştirak edirlər. 2005-ci ildən isə ICPC Azərbaycan regional müsabiqələri keçirilir. Etibar Seyidzadə – ICPC Azərbaycan üzrə regional müsabiqənin münsiflər heyətinin sədri (2005–2022), regional müsabiqə direktoru (2023–indiyədək), komanda məşqçisi (2005–indiyədək) kimi fəaliyyət göstərir və ICPC Azərbaycan İcmasının qurucusudur.

Dünyanın nüfuzlu proqramlaşdırma yarışı olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı “ICPC Fondu”nun təşkilatçılığı, ADA Univ ..

2025-09-24
AzTU

AzTU “THE Avrasiya Universitetlərinin Sammiti”ndə öz stendi ilə təmsil olunur

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir. Bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə dünyanın müxtəlif regionlarından nüfuzlu ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Texniki Universiteti (AzTU) də öz stendi ilə təmsil olunur. Sammitdə iştirak edən AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq əməkdaşlıq, transmilli tədqiqat imkanları və universitetlərarası tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görüşlər keçirir. Qeyd edək ki, nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Tədqiqat və inkişaf departamentinin müdiri Bəxtiyar Bədəlov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova iştirak edir.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda ..

2025-09-24
AzTU

AzTU tələbələri üçün “Sahibkarlığın əsasları və biznesə giriş” fənni ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH.academy”nin təşkilatçılığı ilə tələbələr üçün “Sahibkarlığın əsasları və biznesə giriş” fənni ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Məqsəd tələbələrdə sahibkarlıq ruhunun inkişafı, biznes idaretməsi bacarıqlarının formalaşdırılmasıdır. Tədbir “İE Business School”un professoru Alberto Levinin iştirakı ilə təşkil olunub. Qeyd edək ki, 2025-ci ilin payız semestrindən AzTU-da sahibkarlığa giriş fənni tədris olunacaq. Fənn əyani və ingilis dilində keçiriləcək. İngilis dili biliyi B1 səviyyəsində olan tələbələr dərslərdəiştirak edə bilərlər. Fənni uğurla bitirən tələbələr ‘“Sabah.academy” və “IE Business School”tərəfindən sertifikat təqdim olunacaq. Maraqlanan tələbələr üçün qeydiyyat linki: https://forms.gle/S3jBcsgFi8Wuywvm9Qeydiyyat üçün son tarix: 30.09.2025

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH.academy”nin təşkilatçılığı ilə tələbələr üçün “Sahibkarlığın əsasları və biznesə giriş” fənni ilə bağlı məlumatla ..

2025-09-24
AzTU

Namangan Dövlət Texniki Universitetinin prorektoru AzTU-da olub

Namangan Dövlət Texniki Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Ilhom Abdurahmanov Azərbaycan Texniki Universitetində (AzTU) olub. Görüşün əsas məqsədi universitetlər arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək və mövcud əlaqələri daha da gücləndirmək olub. AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov universitetdə görülən işlərlə bağlı qonağa məlumat verib. Görüş zamanı ikitərəfli əməkdaşlıq sahələri müzakirə olunub. Xüsusi olaraq elmi-tədqiqat sahəsində əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, ikili diplom proqramlarını həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Namangan Dövlət Texniki Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Ilhom Abdurahmanov Azərbaycan Texniki Universitetində (AzTU) olub. Görüşün əsas məqsədi universitetlər ..

2025-09-23