Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da mühəndislik ixtisaslarında təhsil alan tələbə qızlar təcrübələrini bölüşüblər

Texniki və mühəndislik sahələrində qadınların iştirakının artırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tələbə qızların təcrübələri və fikirləri gələcək nəsillər üçün motivasiya mənbəyi rolunu oynayır. Azərbaycan Texniki Universitetində (AzTU) müxtəlif mühəndislik ixtisaslarında təhsil alan tələbə qızlar seçdikləri sahə, universitet təcrübəsi və gələcək planları haqqında fikirlərini bölüşüblər. Tələbələr texniki ixtisası seçmələrinin əsas səbəbi kimi texnologiya və mühəndisliyə olan maraqlarını və bu sahədə peşəkar mütəxəssis olmaq istəklərini qeyd ediblər. Onlar laboratoriya və praktiki dərslərin, həmçinin nəzəri biliklərin praktikada tətbiqinə kömək etdiyini bildiriblər. Tələbə qızlar həmçinin texniki sahəyə maraq göstərən digər qızlara stereotiplərdən çəkinməməyi və öz hədəflərinə inamla irəliləməyi tövsiyə ediblər.  Nigar İmanova – Kimya mühəndisliyi ixtisası “Mühəndislik sahəsini seçməyimin ən böyük tərəfi problemlərə sadəcə baxmaq deyil, onların həllində iştirak etmək istəyim olub. Mənim üçün mühəndislik yalnız peşə deyil, həm də düşüncə tərzidir. Bu seçimdə müəllimimin tövsiyəsi böyük rol oynadı və mən Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin kimya mühəndisliyi ixtisasını seçdim. Digər qızlara isə tövsiyəm budur ki, maraq göstərdikləri sahələrdən qorxmasınlar. Özünüzə inanın və başqalarının limitlərini özünüz üçün sərhəd kimi qəbul etməyin.”  Mələk Məmmədova – İnformasiya texnologiyaları ixtisası “Mən Mələk Məmmədova, Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsində informasiya texnologiyaları ixtisası üzrə təhsil alıram. Bu ixtisası seçməyimin əsas səbəbi texnologiya və mühəndislik sahəsinə olan marağımdır. Mən həmişə yeni biliklər əldə etməyi və problemlərə həll yolları tapmağı sevirəm. Digər qızlara isə tövsiyəm odur ki, texniki sahələrə maraqları varsa, bundan çəkinməsinlər və öz arzularının ardınca inamla getsinlər.”  Anabacı Əmiraslanova – Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası “Kiçik yaşlarımdan müxtəlif layihələr üzərində işləyən və innovasiyaya maraq göstərən biri olmuşam. Buna görə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçməyim təsadüfi olmayıb. Mən həmişə texnologiyaya və sistemlərin necə işlədiyini anlamağa maraq göstərmişəm. Digər qızlara da tövsiyəm odur ki, texnologiya və elm sahələrindən çəkinməsinlər və öz potensiallarına inanaraq irəliləsinlər.”  Həvva Quliyeva – Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi “Logistika ixtisasını seçməyimin əsas səbəbi bu sahənin dinamik və daim inkişaf edən bir sahə olmasıdır. Mən analitik düşüncə, çeviklik və problem həll etmək bacarıqları tələb edən bir sahədə fəaliyyət göstərmək istədiyim üçün logistikanın mənə uyğun olduğunu düşündüm və bu ixtisası seçdim. Digər qızlara isə tövsiyəm odur ki, cəmiyyətin formalaşdırdığı stereotiplərə deyil, öz maraq və istəklərinə əsaslansınlar. Sevdikləri ixtisası seçsinlər və seçdikləri yolda özlərinə inanaraq inamla irəliləsinlər.”  Ayşə Rəşidova – Aerokosmik mühəndislik ixtisası “Uşaqlıqdan hərbi aviasiyaya böyük marağım olub və bir vaxtlar hərbi pilot olmaq mənim ən böyük arzularımdan idi. Məhz buna görə aerokosmik mühəndislk ixtisasını seçməyim təsadüfi deyil. Mürəkkəb sistemlərin dizaynı, onların optimallaşdırılması və uçuş mexanikası məni hər zaman cəlb edib. Digər qızlara tövsiyəm odur ki, seçimlərini stereotiplərə deyil, öz maraq və məqsədlərinə əsaslandırsınlar. Özünüzə inanın və hədəflərinizə doğru inamla irəliləyin.”  Abbasova Elza – Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası “Radiotexnika və telekommunikasiya mühəndisliyini seçməyimin əsas səbəbi texnologiyaya və rabitə sistemlərinə marağımın olmasıdır. Müasir dünyada insanlar arasında əlaqənin qurulması, internet və rabitə şəbəkələrinin işləməsi məhz bu sahə ilə bağlıdır. Bu sahənin gələcək üçün vacib və perspektivli olduğunu düşündüyüm üçün bu ixtisası seçdim. Digər qızlara isə tövsiyəm odur ki, texniki sahələrdən çəkinməsinlər və öz maraqlarına uyğun istiqaməti seçsinlər.”  Nigar Mehdiyeva – Nəqliyyat mühəndisliyi ixtisası “Mən bu ixtisası seçərkən qərarım ani olsa da, tamamilə öz seçimim idi və bundan heç vaxt peşman olmamışam. Bu sahəni seçməyimin əsas səbəblərindən biri cəmiyyətdə tez-tez rast gəlinən “qız sənəti deyil” kimi düşüncələri qırmaq istəyim olub. Uşaqlıqdan nəqliyyat vasitələrinə və onların konstruksiyasına böyük marağım var idi. Digər qızlara isə demək istəyirəm ki, məqsədlərindən əl çəkməsinlər. Əgər bir sahəyə həqiqətən maraqları varsa, “bacara bilməzsən” deyilən heç bir ixtisas yoxdur.”  Xumar Nayıbzadə – Kompüter elmləri ixtisası “Kompüter elmləri ixtisasını seçməyimin əsas səbəbi bu sahənin həm maraq dairəmə uyğun olması, həm də gələcəkdə geniş imkanlar yaratmasıdır. Düşünürəm ki, bu sahə həm peşəkar inkişaf, həm də iş imkanları baxımından perspektivlidir. Digər qızlara isə tövsiyəm odur ki, seçdikləri yoldan və hədəflərindən uzaqlaşmasınlar. Uğursuzluqlardan qorxmamaq lazımdır, çünki hər təcrübə insanı daha güclü edir və yeni imkanlar yaradır.”  Fatimə Heydərli – Ekologiya mühəndisliyi ixtisası “Bu ixtisası seçməyimdə əsas məqsədim gələcəkdə tanınmış ekoloqlardan biri olmaq və təhsilimi xaricdə davam etdirməkdir. Bu sahədə inkişaf etmək və ətraf mühitin qorunmasına töhfə vermək mənim üçün çox önəmlidir. Mühəndislik sahəsində qadın olmaq da məhz onu göstərir ki, qadınlar texniki və elmi sahələrdə işləyir və texnologiyanın inkişafına yeni töhfələr verirlər. Amma mən bu fikirlərlə razılaşmıram. Çünki bu doğru deyil.”  Zərifə Əliyeva – Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası “Bu ixtisası seçməyimə səbəb sahənin perspektivli və dinamik olmasıdır. Əvvəl tərəddüdlərim olsa da, ailəmin dəstəyi və öz marağım məni daha da motivasiya etdi. Mühəndislik sahəsində qadın olmaq mənim üçün güclü və məqsədli olmaq deməkdir. Digər qızlara tövsiyəm – özünüzə inanın və seçimlərinizdən qorxmayın.”  Jalə Süleymanova – Kompüter mühəndisliyi ixtisası “Orta məktəb illərindən informatika fənninə böyük marağım olub. Alqoritmlər və qrafiklər üzərində işləmək mənə çox maraqlı gəlirdi. Bu prosesdə başa düşdüm ki, özümü məhz bu sahədə görürəm və araşdıraraq kompüter mühəndisliyi ixtisasını seçdim. Digər qızlara isə demək istəyirəm ki, stereotiplərə baxmayaraq qadınlar çox güclüdür və qarşılarına məqsəd qoyduqları zaman böyük uğurlar əldə edə bilərlər.”  Almədətli Roza – Kimya mühəndisliyi ixtisası “Kimya mühəndisliyi ixtisasını seçməyimin əsas səbəbi kimyaya olan marağımdır. Birinci ixtisas qrupunu seçərkən ağlımda artıq kimya mühəndisliyi var idi. Çünki düşünürdüm ki, bu sahə həm mənə uyğundur, həm də gələcək perspektivi və prestiji olan ixtisaslardan biridir. Buna görə də kimya mühəndisliyini seçdim və bu seçimimdən heç vaxt peşman olmamışam.” Müsahibələrin tam mətni ilə tanış ola bilərsiniz.

Texniki və mühəndislik sahələrində qadınların iştirakının artırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tələbə qızların təcrübələri və fikirlə ..

2026-03-06
AzTU

AzTU tələbələri təqaüd proqramının qalibi olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anabacı Əmiraslanova və Nurcan Abuzərova, eləcə də İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Elman Həmidov Alman Akademik Mübadilə Xidmətinin Almaniyanın Berlin Mədəniyyətlərarası Kommunikasiya İnstitutu, Göttingen Universiteti və Bremen Univeristetində təşkil olunacaq tələbələr üçün yay dil kurslarında iştirak üçün təqaüd qazanıb. Proqram çərçivəsində kurslarda iştirak tələbələrin alman dili biliklərini gücləndirəcək və onlara yeni akademik əlaqələr qurmağa fürsət yaradacaq. Tələbələrlə görüşən AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova, Alman Mühəndislik Məktəbinin rəhbəri Ərəstun Məmmədov, Alman Mühəndislik Məktəbinin alman dili müəllimi Klaudio Kasperl və Maşınqayırma və metallurgiya fakültəsinin dekan müavini Anar Hacıyev onlara uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anabacı Əmiraslanova və Nurcan Abuzərova, eləcə də İnformasiya texnologiyaları və te ..

2026-03-06
AzTU

AzTU-da “Startap Günləri” müsabiqəsinin növbəti mərhələsinə keçmiş komandalarla görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” müsabiqəsinin qalib və növbəti mərhələyə keçmiş komandaları ilə görüş keçirilib. Görüş müsabiqənin artıq başa çatmış mərhələlərinin nəticələrinin qiymətləndirilməsi və startap komandalarının növbəti inkişaf mərhələsinə hazırlanması məqsədilə təşkil olunub. Tədbir çərçivəsində komandaların mövcud vəziyyəti, layihələrin inkişaf səviyyəsi və gələcək potensialı müzakirə edilib. Sessiya həm məlumatlandırıcı, həm də təlim formatında təşkil olunaraq startap komandalarının praktiki inkişafına yönəlib. Görüş zamanı komandaların layihələrinin hazırkı vəziyyəti və inkişaf mərhələsi qiymətləndirilib, layihələrin təkmilləşdirilməsi üçün konkret və tətbiq oluna bilən tövsiyələr təqdim olunub. Tədbir çərçivəsində mentor Fərid Kazımov tərəfindən startapların inkişaf mərhələləri, layihələrin düzgün planlaşdırılması, komanda idarəetməsi və layihələrin bazara çıxarılması istiqamətində iştirakçılara ətraflı məlumat verilib. Görüş nəticəsində komandalar öz layihələrinin növbəti mərhələyə keçidi fəaliyyətləri müəyyənləşdiriblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” müsabiqəsinin qalib və növbəti mərhələyə keçmiş komandaları ilə görüş keçir ..

2026-03-06
AzTU

AzTU rektoru 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb

Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb. AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rektor xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Rektor qadınların cəmiyyətin, o cümlədən universitetin həyatında fəal iştirakını, elmin müxtəlif sahələrinə verdikləri töhfəni xüsusi qeyd edib. Gənc nəslin vətənpərvər ruhda böyüməsində qadınların müstəsna rolunu vurğulayan Vilayət Vəliyev xanımların bu cür misilsiz xidmətlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.    

Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb. ..

2026-03-06
AzTU

AzTU komandaları Özbəkistanda beynəlxalq yarışlarda iştirak edəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Mərkəzi Asiya Universitetinin təşkil etdiyi “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək.   “Hackathon“ proqramının əsas istiqamətlərindən biri olan “AI in Healthcare Hackathon 2026” üzrə yarışda AzTU-nun iki startap komandası – “AZ2” və “MedX” təmsil olunacaq. Qeyd edək ki, yarəşların beynəlxalq mərhələsindən əvvəl komandaların layihələri AzTU-da daxili qiymətləndirmədən keçirilib. AzTU İnkubasiya Mərkəzində təşkil olunan təqdimat sessiyasında “AZ2” və “MedX” komandaları hazırladıqları texnoloji həlləri, layihələrinin innovativ tərəflərini və tətbiq potensialını təqdim ediblər. Qiymətləndirmə zamanı layihələrin aktuallığı, texniki əsaslandırılması, real problemlərin həllinə yönəlməsi və beynəlxalq platformada rəqabət qabiliyyəti əsas meyar kimi nəzərə alınıb. Təqdim olunan rəy və tövsiyələr əsasında komandalar layihələrini daha da təkmilləşdirərək Daşkənd şəhərində keçiriləcək beynəlxalq mərhələyə hazırlaşırlar. Bununla yanaşı, yarışma çərçivəsində keçiriləcək “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə də AzTU komandalarının iştirakı nəzərdə tutulur və bununla bağlı hazırlıq prosesi davam edir.

Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Mərkəzi Asiya Universitetinin təşkil etdiyi “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq ya ..

2026-03-06
AzTU

AzTU tələbəsinin Beynəlxalq Qadınlar Gününə həsr olunan rəsm sərgisi keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 2-ci kurs tələbəsi İlahə Kərimovanın rəsm sərgisi keçirilib. Sərgi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. AzTU rektoru Vilayət Vəliyev, universitetin nümayəndələri və tələbələri sərgi ilə tanış olub, gənc rəssama yaradıcılıq uğurları arzulayıblar.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 2-ci kurs tələbəsi İlahə Kərimovanın rəsm sərgisi keçirilib. Sərgi 8 Mart - Be ..

2026-03-06
AzTU

AzTU-nun 7 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) Azərbaycan Texniki Universitetinin (AzTU) 7 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb. Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, “Həmkarlar ittifaqı təqaüdü” proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən AzTU-nun 7 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) Azərbaycan Texniki Universitet ..

2026-03-04
AzTU

AzTU tələbəsinin müəllifi olduğu “SupAutism” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsi ilə Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı çərçivəsində “SupAutism” layihəsinin təqdimatı keçirilib. Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (Məqsəd 3 -  Yaxşı səhiyyə və rifah, Məqsəd 10 - Bərabərsizliyin azaldılması, eləcə də sağlamlıq üzrə maarifləndirmə, psixi sağlamlığın təşviqi və ictimai həssaslığın artırılması) iki istiqamətini əhatə edib. Fakültə dekanı Malik Qarayev “SupAutism” layihəsinin Azərbaycan Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olaraq 4200 manat qrant qazandığını və layihənin kifayət qədər böyük sosial əhəmiyyət daşıdığını bildirib. O, tədbirdə iştirak edən digər gəncləri də günümüzün aktual problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək, cəmiyyətin dayanıqlı inkişafına, xüsusilə elmi tədqiqat və innovativ yanaşmalar, tələbə rifahı proqramları və universitet–icma əməkdaşlığı istiqamətlərinə töhfə verməyə çağırdı. Layihənin rəhbəri, Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Sənan Mirzəyev “SupAutism” layihəsi çərçivəsində yaradılmış mobil tətbiqi və veb saytı təqdim edərək onun autizmli uşaqların valideynlərinə psixoloji, pedaqoji və sosial dəstək göstərməyi hədəflədiyini bildirib. Layihə çərçivəsində təqdim olunan xidmətlər reabilitasiya və terapiya dəstəyi, multidissiplinar yanaşma və akademik-səhiyyə əməkdaşlığı prinsiplərinə əsaslanır. Platformalarda mövcud olan “Autizm üzrə ilkin məlumatlandırıcı bölmə”, “Uşaq davranış testləri”, “Valideynlər üçün addım-addım təlimat və tövsiyələr”, “Autizmli uşaqların gündəlik həyatını asanlaşdıran praktik materiallar” adlı bölmələr öz övladlarında autizm əlamətlərini müşahidə edən valideyinlərin ilkin maarifləndirilməsi, eləcə də inkişaf pozuntularının erkən aşkarlanması və autizmli uşaqların gündəlik fəaliyyətinin qurulması istiqamətində köməklik göstərmək üçün nəzərdə tutulmuşdur. Uşaqlarda autizmin olması ehtimalını müəyyən etmək üçün istifadə olunan Autizm Tədqiqat İnstitutu tərəfindən hazırlanmış və beynəlxalq səviyyədə etalon olaraq qəbul edilən 4 blokdan ibarət 76 testdən ibarət suallar platforma vasitəsilə valideyinlər üçün əlçatan edilib. Layihə ilə tanışlıqdan sonra çıxış edən Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının müdiri İsa Xəlilov tələbələrin layihə ətrafında kifayət qədər böyük iş gördüklərini vurğulayaraq, layihənin sonrakı inkişafı ilə bağlı öz tövsiyələrini verib. Seminar çərçivəsində layihənin yaradılmasında iştirak edən və autizmli fərdlərlə iş üzrə ixtisaslaşmış psixoloqlar Şəhla Əmənova və Nərgiz İsmayılova autizmin xəstəlik deyil, fərqlilik olduğunu iştirakçıların nəzərinə çatdırıb. Onlar layihənin işlənməsi zamanı autizmli uşaqların valideyinlərinin ən çox verdiyi suallar, qarşılaşdığı problemlər, onların aradan qaldırılması yolları və s. haqqında öz bilik və təcrübələrini platforma yaradıcıları ilə paylaşdıqlarını bildirib. Proqramın interaktiv hissəsində psixoloqlar seminar iştirakçıları ilə “Autizimli fərdlərin hadisələrə reaksiyası” adlı təlim həyata keçirib. Tədbirin sonunda vurğulanıb ki, bu cür təşəbbüslər sağlam həyat və sosial rifah, sosial inklüzivlik və müxtəliflik, eləcə də cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması istiqamətində mühüm rol oynayaraq dayanıqlı inkişaf məqsədlərinə töhfə verir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsi ilə Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı çərçivəsində “SupAutism” l ..

2026-03-04
AzTU

AzTU ərazisində yaşıllıq sahələri artırılır

Azərbaycan Texniki Universiteti (AzTU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq kampus ərazisində “yerüstü həyat prinsipləri”nin (Məqsəd 15 – SDG 15) tətbiqini genişləndirir. Məqsəd quru ekosistemlərinin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və yaşıl infrastrukturun gücləndirilməsidir. Son illər universitetdə nəqliyyatın idarə olunması və mikromobilliyin təşviqi istiqamətində görülən işlər yaşıllıq zonalarının artırılmasına real imkan yaradıb. Parklanma sahələrinin 2000 m²-dən 1800 m²-ə endirilməsi nəticəsində azad olunan ərazilər yaşıllıq zolaqlarına çevrilib. Bu addım torpaq deqradasiyasının qarşısının alınmasına, karbon emissiyalarının azalmasına və kampusda daha sağlam ekoloji mühitin formalaşmasına töhfə verir. Universitet və yataqxana arasında yaradılmış 1700 metrlik velosiped yolu, skuter infrastrukturu və genişləndirilmiş piyada zonaları avtomobil istifadəsini azaltmaqla yanaşı, ekoloji tarazlığın qorunmasına xidmət edir. Gün ərzində yüzlərlə tələbə və əməkdaşın alternativ nəqliyyat vasitələrindən istifadə etməsi kampusun dayanıqlılıq göstəricilərini gücləndirir. Gələcək mərhələdə elektrikli nəqliyyat üçün şarj infrastrukturunun genişləndirilməsi, parklanmanın daha da optimallaşdırılması və əlavə yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüslərlə AzTU yalnız təhsil məkanı deyil, həm də biomüxtəlifliyin qorunduğu və ekosistemlərin dəstəkləndiyi dayanıqlı kampus modeli formalaşdırır. 

Azərbaycan Texniki Universiteti (AzTU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq kampus ərazisində “yerüstü həyat prinsipləri”nin (Məqsəd 15 – SDG 15) tətbiqini ..

2026-03-04
AzTU

Sağlam Ailə Tibb Mərkəzinin nümayəndələri AzTU-da maarifləndirici tədbir keçirib

Sağlam Ailə Tibb Mərkəzinin mütəxəssisləri Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və əməkdaşlar üçün sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirib. Tədbir çərçivəsində sağlam həyat və rifahın təmin edilməsi, profilaktik səhiyyənin təşviqi, erkən diaqnostikanın əhəmiyyəti, qadın və reproduktiv sağlamlıq, ana sağlamlığının qorunması, qeyri-infeksion xəstəliklərin qarşısının alınması, eləcə də müntəzəm tibbi müayinələrin vacibliyi istiqamətində ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.  Qeyd edək ki, tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan SDG 3 – Sağlam həyat və rifahın təmin edilməsi istiqamətində universitetdə həyata keçirilən fəaliyyətlərə uyğun olaraq təşkil olunub və bu sahədə institusional səylərin gücləndirilməsinə xidmət edir.

Sağlam Ailə Tibb Mərkəzinin mütəxəssisləri Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və əməkdaşlar üçün sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirib. Tədbir ..

2026-03-03