Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsinin müəllifi olduğu “SupAutism” layihəsinin təqdimatı keçirilib

AzTU tələbəsinin müəllifi olduğu “SupAutism” layihəsinin təqdimatı keçirilib

04.03.2026     17     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsi ilə Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı çərçivəsində “SupAutism” layihəsinin təqdimatı keçirilib. Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (Məqsəd 3 -  Yaxşı səhiyyə və rifah, Məqsəd 10 - Bərabərsizliyin azaldılması, eləcə də sağlamlıq üzrə maarifləndirmə, psixi sağlamlığın təşviqi və ictimai həssaslığın artırılması) iki istiqamətini əhatə edib.

Fakültə dekanı Malik Qarayev “SupAutism” layihəsinin Azərbaycan Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olaraq 4200 manat qrant qazandığını və layihənin kifayət qədər böyük sosial əhəmiyyət daşıdığını bildirib. O, tədbirdə iştirak edən digər gəncləri də günümüzün aktual problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək, cəmiyyətin dayanıqlı inkişafına, xüsusilə elmi tədqiqat və innovativ yanaşmalar, tələbə rifahı proqramları və universitet–icma əməkdaşlığı istiqamətlərinə töhfə verməyə çağırdı.

Layihənin rəhbəri, Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Sənan Mirzəyev “SupAutism” layihəsi çərçivəsində yaradılmış mobil tətbiqi və veb saytı təqdim edərək onun autizmli uşaqların valideynlərinə psixoloji, pedaqoji və sosial dəstək göstərməyi hədəflədiyini bildirib. Layihə çərçivəsində təqdim olunan xidmətlər reabilitasiya və terapiya dəstəyi, multidissiplinar yanaşma və akademik-səhiyyə əməkdaşlığı prinsiplərinə əsaslanır. Platformalarda mövcud olan “Autizm üzrə ilkin məlumatlandırıcı bölmə”, “Uşaq davranış testləri”, “Valideynlər üçün addım-addım təlimat və tövsiyələr”, “Autizmli uşaqların gündəlik həyatını asanlaşdıran praktik materiallar” adlı bölmələr öz övladlarında autizm əlamətlərini müşahidə edən valideyinlərin ilkin maarifləndirilməsi, eləcə də inkişaf pozuntularının erkən aşkarlanması və autizmli uşaqların gündəlik fəaliyyətinin qurulması istiqamətində köməklik göstərmək üçün nəzərdə tutulmuşdur. Uşaqlarda autizmin olması ehtimalını müəyyən etmək üçün istifadə olunan Autizm Tədqiqat İnstitutu tərəfindən hazırlanmış və beynəlxalq səviyyədə etalon olaraq qəbul edilən 4 blokdan ibarət 76 testdən ibarət suallar platforma vasitəsilə valideyinlər üçün əlçatan edilib.

Layihə ilə tanışlıqdan sonra çıxış edən Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının müdiri İsa Xəlilov tələbələrin layihə ətrafında kifayət qədər böyük iş gördüklərini vurğulayaraq, layihənin sonrakı inkişafı ilə bağlı öz tövsiyələrini verib.

Seminar çərçivəsində layihənin yaradılmasında iştirak edən və autizmli fərdlərlə iş üzrə ixtisaslaşmış psixoloqlar Şəhla Əmənova və Nərgiz İsmayılova autizmin xəstəlik deyil, fərqlilik olduğunu iştirakçıların nəzərinə çatdırıb. Onlar layihənin işlənməsi zamanı autizmli uşaqların valideyinlərinin ən çox verdiyi suallar, qarşılaşdığı problemlər, onların aradan qaldırılması yolları və s. haqqında öz bilik və təcrübələrini platforma yaradıcıları ilə paylaşdıqlarını bildirib.

Proqramın interaktiv hissəsində psixoloqlar seminar iştirakçıları ilə “Autizimli fərdlərin hadisələrə reaksiyası” adlı təlim həyata keçirib.

Tədbirin sonunda vurğulanıb ki, bu cür təşəbbüslər sağlam həyat və sosial rifah, sosial inklüzivlik və müxtəliflik, eləcə də cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması istiqamətində mühüm rol oynayaraq dayanıqlı inkişaf məqsədlərinə töhfə verir.


Digər xəbərlər