Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqatların beynəlxalq səviyyədə inkişafı və universitetin elmi göstəricilərinin yüksəldilməsi məqsədilə Tədqiqat və inkişaf departamentinin təşəbbüsü ilə təlim təşkil olunub. Təlimi dünyanın aparıcı elmi nəşriyyat şirkətlərindən biri olan “Elsevier”in Azərbaycandakı rəsmi nümayəndəsi Saida Sak aparıb. Təlimdə professor-müəllim heyəti, magistrant və doktorantlar iştirak ediblər.
Saida Sak “Scopus” elmi məlumat bazasının imkanları, elmi məqalələrin axtarışı və təhlili, sitat göstəricilərinin izlənməsi, h-index və digər elmmetrik göstəricilərin hesablanması barədə ətraflı məlumat verib. Həmçinin iştirakçılara “Scopus” platformasında səmərəli axtarış üsulları, tədqiqat mövzularının seçilməsi, beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və yüksək impakt faktorlu jurnallara məqalə göndərilməsi prosesləri izah edilib. Saida Sak indeksləşmə meyarları, məqalələrin qəbul prosedurları, elmi etika və müəllif hüquqları ilə bağlı sualları da cavablandırıb.
Təlim zamanı AzTU-nun elmi fəaliyyətinin səmərəliliyinin artırılması, beynəlxalq elmi məkanda görünürlüyünün gücləndirilməsi və institusional profil bazasının daha səmərəli idarə olunması istiqamətində müzakirələr aparılıb.
Sonda AzTU-da elmi fəaliyyətin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin sayının artırılması və universitetin qlobal elm məkanında mövqeyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.