Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Former rectors

1-ci rektor - Mahmud Məmmədov

Azərbaycan Texniki Universitetinin (AzTU) ilk rektoru Mahmud Tağı oğlu Məmmədov olmuşdur. O, 1909-cu ildə anadan olmuşdur.1933-cü ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirmiş və orada müəllim, dekan vəzifəsində çalışmışdır. 1939-cu ildə Moskvada Kənd Təssərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun aspiranturasını bitirərək namizədlik disertsiyasını müdafiə etmişdir. 1942-1950-ci illərdə Azərbaycan Kənd Təssərrüfatı nazirinin müavini, nazirlər soveti sədrinin müvini işləmiş və 1950-1954-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsində çalışmışdır. T.e.n., dosent Mahmud Məmmədov 1964-cü ildə vəfat etmişdir.


 

2-ci rektor - Abuzər Əliyev

Professor Əliyev Abuzər Əsgər oğlu 1911-ci ilə anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq- inşaat fakültəsini bitirmişdir. Abuzər Əliyev Böyük Vətən Müharibəsi illərində Bakı şəhərində tikilən hərbi zavodda baş mühəndis və respublika tikinti nazirinin müavini vəzifəsində çalışmışdır. O, Azərbaycanda tikinti üzrə ilk namizədlik dissertasiyasını müdafiə edən alimdir. Abuzər Əliyev bir çox orden və medallarla, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuş, ona Azərbaycan "Əməkdar Mühəndisi" fəxri adı verilmişdir. Professor Abuzər Əliyev 1954-1961-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsində çalışmışdır. Professor Abuzər Əliyev 1980-ci ildə vəfat etmişdir.


 

3-cü rektor - Ənvər Qasımzadə

Azərbaycanın görkəmli memarı və dövlət xadimi Ənvər Əlibəy oğlu Qasımzadə 1912-ci il fevralın 12-də Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olmuş Əlibəy Qasımovun ailəsində dünyaya göz açmışdır. Ənvər Qasımzadə ilk təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində almışdır.1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirmişdir.1936-1942-ci illərdə Azərbaycan Dövlət Layihə İnsititutunda memar, baş mühəndis, 1946-1962-ci illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində Memarlıq İşləri İdarəsinin rəsi, Bakı Soveti sədrinin birinci müavini, Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsinin sədri, Azərbaycanda Tikinti naziri, Dövlət Plan Komitəsinin sədr müavini, Memarlar İttifaqının sədr müavini vəzifələrində çalışmışdır. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin fəal iştirakçısı olmuş, orden və medallarla, o cümlədən “Qırmızı Ulduz”, “Qırmızı Bayraq” ordenləri ilə təltif olunmuşdur. Ona Azərbaycan Respublikasının “Əməkdar İnşaatçısı” fəxri adı verilib. 1962-ci ildə Ənvər Qasımzadə Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) rektor təyin olunmuşdur. Onun rektorluğu dövründə Azərbaycan Politexnik İnstitutunun Gəncə şəhərində filialı açılmış, Avtomatika, Sintetik materialların texnologiyası, Metallurgiya, Poliqrafiya fakültələri təşkil edilmişdir. Ə.Qasımzadə 1969-cu il mart ayının 12-də 57 yaşında vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdır.


 

4-cü rektor - Rza Bədəlov

Professor Bədəlov Rza Əbdül oğlu 1915-ci il sentyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. R.Bədəlov Azərbaycan Sənaye İnstitutunu (ASİ) bitirdikdən sonra (1945-1968) Əzizbəyov neft trestinin Mexaniki təmir zavodunda mühəndis-konstruktor, sex rəisi, ASİ-də aspirant, assistent, baş müəllim, dosent, professor, dekan müavini, dekan, nəzəri mexanika kafedrasının müdiri olmuşdur.
Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsində çalışmışdır.
AMEA-nın müxbir üzvü Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat etmişdir.


 

5-ci rektor - Mirzəağa Bağırov

Professor Mirzəağa Əyyub oğlu Bağırov 1927-ci il iyunun 16-da Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsini bitirmişdir.1956-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika və Fizika İnstitutunda laboratoriya müdiri, 1959-1967-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1966-cı ildə Moskvada Qubkin adına Heft-Kimya və Qaz İnstitutunda doktorluk dissertasiyasını müdafiə etmişdir.1974-1976-cı illərdə isə Azərbaycan Elmlər Akademiyası radiasiya tədqiqatları şöbəsinin müdiri işləmişdir.
1976-cı ildə M.Ə. Bağırov Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) rektoru vəzifəsinə təyin edilmiş və 12 il Azərbaycanın bu təhsil ocağına rəhbərlik etmişdir.
Professor M.Ə. Bağırov 2011-ci il aprel ayının 8-də Bakı şəhərində vəfat etmişdir.


 

6-cı rektor - Ramiz Qurbanov

Professor Ramiz Qurbanov 1935-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. NQÇİ-də operator kimi əmək fəaliyyətinə başlayaraq, usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində işləmişdir. 1861-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (AzNKİ) Nəzəri mexanika kafedrasında assistent, böyük müəllim, dosent, professor, kafedra müdiri işləmişdir. 1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
1968-1989-cu illərdə AzNKİ-da Nəzəri mexanika kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru işləmişdir. 1989-cu ildə Qurbanov R.S. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Professor Ramiz Qurbanov 1989-1990-cı illərdə Azərbaycan Texniki Universitetinin (indiki AzTU) rektoru vəzifəsində çalışmışdır.


 

7-ci rektor - Əli Sadıxov

Professor Sadıxov Əli Hidayət oğlu 29 iyun 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (AzPİ) bitirmiş və “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə mühəndis-mexanik diplomu almışdır. 1964-cü tədris ilinin əvvəlində “Maşınqayırma texnologiyası” kafedrasına assistent vəzifəsinə müsabiqə yolu ilə qəbul edilmiş, 1966-1969 illərdə kafedranın aspirantı olmuş və 1971-ci ildə Kuybışev Politexnik İnstitutunda namizədlik, 2008-ci ildə isə AzTU-nun İxtisaslaşdırılmış Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1984-cü ildə kafedranın dosenti və 1991-ci ildə professoru elmi adı almışdır.1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) tədris işləri üzrə prorektoru və 1990-1992-ci illərdə isə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) rektoru vəzifəsində çalışmışdır. Onun rektor vəzifəsində çalışdığı dövrdə (24.09.1991-ci il tarixində) instituta universitet statusu verilmiş və Azərbaycan Texniki Universiteti (AzTU) adlandırılmışdır.
Hazırda Ə.Sadıqov “Xüsusi texnologiyalar və avadanlıqlar” kafedrasının məsləhətçi professorudur.


 

8-ci rektor - Allahverdi Orucov

Professor Orucov Allahverdi Oruc oğlu 1944-cü ildə Füzuli rayonunun Yağuvənd kəndində anadan olmuşdur. 1964-1969-cu illərdə AzPİ-nin “Elektrotexnika” fakültəsində təhsil almışdır.1975-ci ildə AzPİ-də assistent olaraq işə başlamışdır.1992-ci il noyabrın 6-dan 2000-ci il yanvarın 3-dək Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 1993-cü il iyulun 2-dən 1993-cü ilin dekabrına kimi AzTU-nun rektor səlahiyyətlərinin icrası Allahverdi Orucova həvalə edilmişdir.

 

 


 

9-cu rektor - Rafiq Mehdiyev

Professor Rafiq Mehdiyev 1936-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Mexanika” fakültəsini bitirmiş, 1964-cü ildə namizədlik, 1981-ci ildə isə Leninqrad Politexnik İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Görkəmli alim 1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru olmuşdur. Tanınmış alim hazırda məşhur İstanbul Texniki Universitetinin professorudur və qardaş ölkədə böyük elmi nailiyyətlərini davam etdirir.

 


 

10-cu rektor - Havar Məmmədov

Professor Məmmədov Havar Əmir oğlu 1945-ci il oktyabr ayının 9-da Azərbaycan Respublikası İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. 1963-cü ildə İmişli rayon 34 saylı dəmiryolu orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Аvtomatika və hesablama texnikasi fakültəsinin “Avtomatika və telemexanika” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddətdə tələbə elmi cəmiyyətinin sədri, qrup nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Təhsildə və ictimai işlərdəki nаiliyyətlərə görə о zamanlar ən yüksək təqaüd olan V.İ. Lenin adına təqaüdə layiq görülmüşdür. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək gənc mütəxəssis kimi Avtomatika va telemexanika kafedrasında assistent vəzifəsində çalışmağa başlamışdır. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. 1974-cü ildə aspiranturada təhsilini başa vurmuş və kafedrada əmək fəailiyyətini davam etdirmişdir.
1993-2017-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Elektron-hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı, Nəqliyyatda avtomatika va telemexanika, Аvtоmatika və idarəetmə kafedralarının müdiri vəzifəsində çаlışmışdır. 1998-ci ildə “Paylanmış parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin tədqiq üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə və 2003-ci ildə professor elmi adına layiq görülmüşdür. 2000-ci ilin yanvar ayından 2016-cı ilin sentyabr ayınadək Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsində çalışmışdır.
Hazırda professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin rektorudur.

 


 

11-ci rektor - Xalıq Yahudov

  • Professor Yahudov Xalıq Məcid oğlu 14 avqust 1946-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olmuşdur. 1964-cü ildə Suvagil kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) “İqtisad” fakültəsinə daxil olmuşdur. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun bərpa olunması ilə əlaqədar bu instituta keçirilmiş və 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirərək işləmək üçün Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutuna (DPK-nın ETİİ) göndərilmişdir.
  • 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (Azərbaycan Texniki Universiteti) baş müəllim vəzifəsinə seçilmişdir.
  • 1982-1995-ci illərdə AzTU-nun “Maşınqayırma” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.
  • 1995-2003-cü illərdə AzTU-da “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı işləmişdir.
  • 2003-2005-ci illərdə AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.
  • 2005-2006-ci illərdə AzTU-nun Tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
  • 2006-cı ilin avqust ayından AzTU-nun tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
  • 2010-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
  • 2017-ci ildən AzTU-nun “Fəxri professoru”dur.
  • 2016-cı ilin sentyabrından 31 iyul 2019-cu ilə kimi Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən rektor səlahiyyətlərini icra edib.