Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Rəsul İbrahimli, Hüseyn Hüseynov, Amil Cəmilov, Sahib İskəndərli və İlahə Kərimova Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində elmi məqalələrlə çıxış edib.
Səfərin əsas məqsədi AzTU tələbələrinin beynəlxalq elmi ictimaiyyətlə təmaslarını genişləndirmək, kosmik tədqiqatlar və astronavtika sahəsində müasir elmi nailiyyətlərlə tanış olmaq, həmçinin universitetin elmi potensialını qlobal miqyasda nümayiş etdirmək olub.
Konqres çərçivəsində AzTU-nun tələbələri aerokosmik mühəndislik, peyk texnologiyaları və süni intellektin kosmik tətbiqləri mövzularında apardıqları elmi-tədqiqat işlərini təqdim ediblər. Gənc tədqiqatçıların çıxışlarında kosmik missiyaların səmərəliliyinin artırılması, enerji resurslarının optimallaşdırılması və orbitdə təhlükəsiz hərəkət modelləri kimi aktual məsələlərə toxunulub.
Tələbələrin təqdimatları müxtəlif ölkələrdən olan alimlər və sənaye nümayəndələri tərəfindən maraqla qarşılanıb.