Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrası “Informatics Europe” beynəlxalq təşkilatına üzv qəbul olunub. Bu beynəlxalq təşkilata üzv olmaqla AzTU Avropanın 33 ölkəsinin 200-dən çox universitetinin sırasında yer alıb.
“Informatics Europe” Avropada informatika və kompüter elmləri sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələri və tədqiqat təşkilatlarını birləşdirən nüfuzlu beynəlxalq qurumdur. Kompüter texnologiyaları kafedrasının bu təşkilata üzv olması beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, həmçinin tədris prosesində qabaqcıl Avropa təcrübələrinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunan üzvlük çərçivəsində kafedra beynəlxalq elmi layihələrdə və qrant proqramlarında iştirak, akademik mübadilə və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, konfrans, seminar və digər elmi tədbirlərdə iştirak, xarici və yerli abituriyentlər üçün cəlbediciliyin artırılması və daha keyfiyyətli tələbə kontingentinin formalaşdırılması kimi imkanlar əldə edib.