Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AzTU-da “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

04.12.2025     46     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU), Brandenburq Texniki Universiteti Cottbus-Senftenberq (BTU GS) (Almaniya), Gazi Universiteti (Türkiyə) və NESEFF Enerji Təchizatı və Enerji Səmərəliliyi Beynəlxalq Şəbəkəsinin (Almaniya) təşkilatçılığı ilə AzTU-nun 75 illik yubileyinə həsr olunan “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” adlı III beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.

Konfransın keçirilməsində məqsəd maşınqayırma və energetika sahələrinin davamlı inkişafını təmin etmək üçün elm, təhsil və tədqiqat mühitində ekoloji təhlükəsizliyin vacibliyinin önə çəkilməsi, infrastrukturun iqtisadi səmərəliliyinin artırılması və bu istiqamətdə elmi-texnoloji yenilikləri təşviq edən yeni yanaşmaların formalaşdırılmasıdır.

Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, beynəlxalq elmi konfransa ümumilikdə 100 məqalə təqdim edilib. Rektor 13 ölkənin 41 təhsil müəssisəsindən 268 alim və elmi işçi iştirak etdiyi tədbirin elm adamları və sənaye nümayəndələri üçün etibarlı əməkdaşlıq platformasına çevriləcəyinə, eyni zamanda konfransın ölkələr arasında elm və texnologiya sahəsində əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib. 

Beynəlxalq konfransa onlayn formatda qoşulan Almaniyanın BTU GS-in Maşınqayırma, elektrik və enerji sitemləri fakültəsinin dekan müavini, NESEFF-in sədri professor Silvio Simon da öz növbəsində konfrans iştirakçılarına uğurlar arzulayıb.

Pakistanın Quaid-i-Azam Universitetinin Tədqiqat, İnnovasiya və Kommersiyalaşdırma Ofisinin rəhbəri professor Məhəmməd İştiaq Əli “Maarifdən hərəkətə keçid: Ətraf mühiti qorumaq üçün gələcəyin növbəti nəsli - iqlimə həssas liderlərini yetişdirmək və təhsil vermək” mövzusunda təqdimat edib.

Daha sonra BTU GS və AzTU alimlərinin birgə hazırladığı təqdimat onlayn formatda konfrans iştirakçılarının diqqətinə çatdırılıb, real problemlər və həll yolları ilə bağlı təkliflər səsləndirilib.

Bölmə iclasları ilə iki gün davam edəcək konfransda maşınqayırma və energetika sahələrinin inkişaf perspektivlərinin təhlili, innovativ elmi və istehsal yanaşmalarının müzakirəsi, müasir texnologiyaların tətbiqi imkanlarının araşdırılması, eləcə də mövcud şəraitdə iqtisadi baxımdan səmərəli istehsal modellərinin müəyyənləşdirilməsi, istehsal sektorunda kiçik və orta biznesin formalaşması və inkişafı, ali təhsil müəssisələri ilə sənaye strukturları arasında əməkdaşlığın gücləndirilməsi, nüfuzlu alimlər və müəssisə rəhbərlərinin qarşılıqlı əlaqələrinin qurulması kimi məsələlər müzakirə olunacaq.


Related news