Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də “Azərbaycanda elektrik enerjisinin tələb və təklif tarazlığı - istehsal, ötürmə və istehlakın balanslaşdırılması” mövzusunda vorkşop keçirilib.
Vorkşop MDU ilə AzTU arasında imzalanmış “Elektroenergetika tədqiqat klasteri”nin birgə yaradılması və istifadəsinə dair Strateji Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil olunub.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, MDU-nun rektoru Anar Eminov və AzTU-nun rektoru Vilayət Vəliyev, “AzərEnerji” ASC, “Azərbaycan İES” MMC-nin və “Mingəçevir SES” MMC-nin rəhbər və işçi heyəti, eləcə də hər iki ali təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.
AzTU-nun rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçən vorkçopda “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədrinin müşaviri Üzeyir Yusifov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Mingəçevir SES” MMC-nin direktoru Oqtay Pirverdiyev, AzTU-nun prorektoru Fariz Məmmədov, AzTU-nun Energetika fakültəsinin dekanı Hüseynqulu Quliyev, həmçinin MDU-nun müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı Qədir Məmmədli təqdimatlarla çıxış ediblər.
Çıxışlarda elektrik enerjisi sistemində tələb və təklifin balanslaşdırılması, istehsal güclərinin optimallaşdırılması, ötürmə şəbəkələrinin rolu, bərpaolunan və ənənəvi enerji mənbələrinin inteqrasiyası, eləcə də universitet-sənaye əməkdaşlığının əhəmiyyəti geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, bu cür birgə təşkil olunan vorkşoplar kadr potensialının inkişafına mühüm töhfə verir.
Tədbir müzakirələrlə davam edib.