Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti “Bootcamp” həyata keçirilib.
“Bootcamp”ın əsas məqsədi gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, aqrar innovasiyaların praktik mühitdə öyrənilməsi, iri ixtisaslaşmış şirkətlər, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də tələbələr arasında təcrübə mübadiləsinin təmin olunmasıdır.
6-7 avqust tarixlərində Xaçmaz rayonunda yerləşən “Food City Agrocomplex”in ərazisində təşkil olunan “Bootcamp”da informasiya texnologiyaları, aqronomluq, elektronika, qida elmləri, kompüter mühəndisliyi və data analitikası ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər. İki gün davam edən tədbirə 20-yə yaxın ali təhsil müəssisəsindən 30 tələbə, həmçinin 10-dan çox akselerasiya və inkubasiya mərkəzinin mütəxəssisləri qatılıb.
“Bootcamp”da AzTU-nun “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru Azər Bayramov və Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi Aişə Rəşidova iştirak edib.
İştirakçılar aqrar sahədə süni intellektin tətbiqi üzrə yerində təcrübə qazanmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də ixtisaslaşmış aqrar şirkətlərin nümayəndələri tərəfindən praktik təqdimatlar və nümayişlər keçirilib. İştirakçılar “Şabran Aqro Turizm Mərkəzi” innovativ təsərrüfatına, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, institutun “Ağıllı Bağ meyvəçilik sahəsinə, “Amoris” və “Firdevs” innovativ təsərrüfatlarına səfər ediblər. İnfoturlar zamanı təsərrüfatlarda tətbiq olunan rəqəmsal həllər, sensor texnologiyalar və süni intellekt alqoritmləri üzrə praktik məlumatlar təqdim olunub.
“Bootcamp” iştirakçılarına eyni zamanda Xaçmazda keçirilən Aqrar Biznes Festivalında və Şaftalı Festivalında iştirak imkanı yaradılıb. Festival çərçivəsində tələbələr aqrar sahənin ekosistemi, yerli istehsal və regionun aqroturizm potensialı ilə yaxından tanış olublar.