Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib.
Onlayn keçirilən iclasda komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. Daha sonra tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.
İclasda idarə heyətinin sədri vəzifəsinin tutulması üçün 5 nəfərin namizədliyi irəli sürülüb.
60.0% səs çoxluğu ilə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dos. Elçin Süleymanov idarə heyətinin sədri seçilib.
Daha sonra sədr müavini vəzifəsinin tutulması üçün səsververmə keçirilib. Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor, əməkdar müəllim Sübhan Namazov və Lənkəran Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dos.Elvin Əliyev sədrin müavinləri seçiliblər.
Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.