Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayəyt Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azəraluminium” MMC-nin Gəncə İstehsalat Kompleksinə səfər edib.
Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Texnoloji Transfer Ofisinin rəhbəri Murat Ataman, dosent Əli İbrahimov və AzTU-nun qonaq tədqiqatçı-professoru, Türkiyənin İzmir Yüksək Texnologiya Universitetinin professoru Mustafa Güdən təmsil olunub.
Səfər çərçivəsində nümayəndə heyəti AzTU və “Azəraluminium” MMC-nin tədqiqatçı-alimlərindən ibarət tədqiqat qrupunun 4 illik birgə intensiv tədqiqatlarının nəticələri ilə tanış olub və reaktorunun həcmi 5 ton olan yarımsənaye qurğusunda növbəti sınaqların aparılmasında iştirak ediblər.
Tədqiqat qrupu tərəfindən yarımsənaye qurğusunda son bir ayda aparılan ilk üç sınağın nəticələrinin uğurla təsdiqləndiyi elan edilib. Daha sonra AzTU-nun dosenti, tədqiqat qrupunun üzvü Əli İbrahimov təqdimatla çıxış edib və uğurlu nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, alınan nəticələr təklif olunan yeni üsulun sənayedə tətbiqinə əsas verir. Bununla belə, əlavə tədqiqatların və dəqiqləşmələrin aparılmasına ehtiyac duyulur.
AzTU-nun rektoru Vilayət Vəliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 01 aprel 2026-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına diqqət çəkib və tədqiqat qrupuna təşəkkür edib. Bildirib ki, 4 il müddətində aparılan tədqiqatlar nəticəsində alimlərimiz sənaye tətbiqinə çox yaxındırlar, bu ciddi elmi-texnoloji uğurdur və əsaslı iqtisadi səmərə verə bilər.
“Azəraluminium” MMC-dən bildirilib ki, elmi-texnoloji nəticələrin və sənaye sınaqlarının, həmçinin bundan sonra görüləcək işlərin daha əhəmiyyətli olması üçün yeni yol xəritəsinin müəyyən edilməsinə ehtiyac var. Qeyd olunub ki, texnologiyanın yan məhsulları olaraq kalium gübrəsi, gips, sulfat turşusu və s. istehsal etməyə imkan verəcək.
Beləliklə, çıxışçılar Daşkəsən Zəylik Alunit mədənindən hasil edilən alunit filizini zənginləşdirilmədən müasir tələblərə cavab verən yeni kompleks emal texnologiyası vasitəsilə aluminium istehsalının təmin olunması reallığını bildirib.
Sonda tədqiqatların və əməkdaşlığın davam etdirilməsinin, metallurgiya sahəsindəki universitet-sənaye işbirliyinin daha da artırılmasının vacibliyi qeyd edilib.