Azərbaycan Texniki Universiteti (AzTU) universitet-sənaye işbirliyi çərçivəsində “PAŞA Property Management” şirkəti ilə əməkdaşlığı davam etdirir.
Əməkdaşlıq çərçivəsində “PAŞA Property Management”də keçirilən görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye işbirliyinin təkcə tələbə və məzunların təcrübə və məşğulluq məsələləri ilə məhdudlaşmadığını bildirib. Rektor müəssisələrin qarşılaşdığı problemlərin birgə elmi- tədqiqatlar formasında araşdırılmasının da bu əməkdaşlıqda yer almasının vacibliyini vurğulayıb.
“PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev universitet-sənaye əməkdaşlığının genişləndirilməsi üçün göstərilən təşəbbüsə görə təşəkkür edib. O, təmsil etdiyi şirkətin ali təhsil müəssisələri ilə birgə layihələr həyata keçirməsinə önəm verdiyini diqqətə çatdırıb.
Görüş zamanı şirkətin fəaliyyət istiqamətləri çərçivəsində binalarda infrastrukturun və kommunal xidmətlərin təkmilləşdirilməsi ilə bağlı birgə elmi-tədqiqatların aparılması kimi məsələlər müzakirə olunub.