Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Bahçeşehir Universiteti və Türkiyə Elm və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Tədqiqat Mərkəzində (BİLGEM) işgüzar səfərdə olub. Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyev, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli, Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov təmsil olunub.
İstanbul Texiniki Universiteti (İTÜ), Yıldız Texniki Universiteti və Bahçeşehir Universitetində görüşlər zamanı sözügedən universitetlərlə AzTU arasında tədris və tədqiqat sahələrində mövcud əməkşdaşlığın genişləndirilməsi, o cümlədən ikili diplom proqramının həyata keçirilməsi, kibertəhlükəsizlik, kriptoqrafiya, data elmi və süni intellekt sahələrində birgə elmi-tədqiqatlar, birgə elmi məqalələrin dərc olunması, tədqiqatçıların qarşılıqlı mübadiləsi, birgə doktorant hazırlığı, magistrant və doktorantlar üçün ikili elmi rəhbərlik imkanlarının araşdırılması barədə razılığa gəlinib.
TÜBİTAK BİLGEM ilə görüşlərdə AzTU-nun nümayəndə heyətinə kibertəhlükəsizlik, kriptoqrafiya, data təhlili və süni intellekt üzrə BİLGEM tərəfindən həyata keçirilmiş layihələr barədə məlumat verilib. Tərəflər sözügedən istiqamətlərdə birgə mütəxəssis hazırlığı və sənaye müəssisələrinə birgə xidmət göstərilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparıb. Nümayəndə heyəti həmçinin, BİLGEM-in müvafiq tədqiqat mərkəzləri ilə tanış olub.