Azərbaycan Texniki Universitetinin (AzTU) 7 tələbəsi 2025/2026-cı tədris ilinin payız semestrində mübadilə ilə Türkiyə universitetlərində təhsil alacaq. Onlardan bir qismi “Beynəlxalq Mübadilə üçün ayrılan Türkiyə Təqaüdləri” (TIES) proqramı, digərləri isə ikitərəfli əməkdaşlıq çərçivəsində bir semestrlik Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıblar.
Belə ki, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri İnarə Quliyeva və Dünya İsmayılova, həmçinin Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Rəhim Rəhimli TIES proqramı çərçivəsində müvafiq olaraq İstanbul Cerrahpaşa Universiteti və Qazi Universitetində təqaüdlə təhsil alacaqlar. İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri Aytac Bünyadova və Sevinc Mürsəlli və Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Zərifə Quluzadə ikitərəfli əməkdaşlıq çərçivəsində Orta Doğu Texniki Universitetində (ODTU) təhsillərinə davam edəcəklər. Nəqliyyat və logistika fakültəsinin tələbəsi Əli Cəfərli isə İstanbul Kültür Universitetində təhsil alacaq.
AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.