“Schneider Electric” şirkətinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) silsilə görüşlər keçirib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüşlərin əsas məqsədi AzTU ilə “Schneider Electric” şirkətinin gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə mühəndis yetişdirmə proqramlarının icrası barədə olub.
“Schneider Electric” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə ölkə direktoru Bihter Gönenlinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşün ilkin mərhələsi zamanı şirkətin AzTU ilə birgə planlaşdırılmış layihələri, Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) sahəsində gördüyü işlər barədə məlumat verilib, həmçinin universitetlə ilə birgə həyata keçiriləcək fəaliyyətlər, öhdəliklər və əməkdaşlıq konsepsiyası müzakirə edilib.
Görüşün ikinci mərhələsində “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə Mühəndislik, Konsultasiya və Təlim üzrə komandasının rəhbəri Tayfur Aydın təqdimatla çıxış edərək elektrik enerjisi istehsalı sahəsində praktiki mühəndis yetişdirmə proqramlarında yol xəritəsi hazırlamağın, davamlı həll yolları düşünən, analiz edən və real işlər görən komanda formalaşdırmağın əhəmiyyətindən bəhs edib. Şirkət əməkdaşları həmçinin rəqəmsal çağda elektrik enerjisi istehsalında keyfiyyətli xidmət və enerjidən ağıllı istifadə üçün yeni imkanlardan danışıblar.
Rektor Vilayət Vəliyev yeni tədris ili üçün tədris laboratoriyalarının sayının artırılması, orada sənaye ilə əməkdaşlıq çərçivəsində real işlərin görülməsi, tələbələrin sənaye üçün ixtisaslı kadr kimi yetişməsi, eləcə də tədqiqat işlərinin ən yüksək səviyyəyə çatdırılmasının AzTU-nun hədəfləri sırasında olduğunu bildirib. Rektor “Schneider Electric” şirkəti ilə əməkdaşlıq etməyin AzTU-nun elektrik enerjisi üzrə ixtisaslaşan tələbələrinə faydalı olacağını vurğulayıb.
Görüşlər zamanı birgə əməkdaşlıq çərçivəsində tələbələr üçün mübadilə və təcrübə proqramları kimi məsələlər də müzakirə olunub.