Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın və dünyanın ən qabaqcıl universitetlərindən biri olan Aaxen Texniki Universitetində (RWTH Aachen) işgüzar səfərdə olub. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.
Rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələri və universitetin fəaliyyət istiqamətləri barədə məlumat verib.
RWTH Aachen-in Tekstil Texnologiyaları İnstitutunun (İTA) rəhbəri professor Tomas Grieslə görüş zamanı elmi-tədqiqat və tədris sahəsində birgə əməkdaşlıq əlaqələri, Alman Tədqiqat Təcrübə Proqramının həyata keçirilməsi, Robototexnika və Maxatronika Laboratoriyasının yaradılması, birgə sənaye əsaslı mini MBA proqramının, birgə tədqiqat layihələrinin və konfranslarının həyata keçirilməsi müzakirə olunub. Həmçinin birgə sertifikasiya proqramının təşkili, beynəlxalq reytinqlərdə qarşılıqlı dəstək istiqamətində fəaliyyətləri əks etdirən anlaşma memorandumunun imzalanmasına hazırlıq istiqamətində razılıq əldə olunub. Hər iki tərəf qeyd edilən istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Səfər çərçivəsində nümayəndə heyəti İTA-nın universitet-sənaye əməkdaşlığı fonunda qurulmuş zəngin multidissiplinar tədqiqat laboratoriyaları, son illərdə İTA-nın inkişafı istiqamətində meqatrendlərlə yaxından tanış olub, müzakirələr aparılıb və real əməkdaşlıq mövzuları müəyyən olunub.