Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutu Hollandiya, Almaniya və digər Avropanın tanınmış elmi-tədqiqat mərkəzləri ilə birgə həyata keçirdiyi mühüm tədqiqat layihəsini uğurla tamamlayıb.
Araşdırmanın nəticələri onkologiya sahəsinin nüfuzlu jurnallarından biri olan “European Journal of Surgical Oncology” (EJSO) tərəfindən qəbul olunub. Layihənin əsas mövzusu süd vəzi xərçənginin diaqnostikası və müalicəsində süni intellekt texnologiyalarının, xüsusilə də böyük dil modellərinin (Large Language Models – LLM) tətbiqinə həsr olunub. Tədqiqat çərçivəsində müasir informasiya texnologiyaları – süni intellekt, tibbi verilənlərin intellektual analizi və biliklərin axtarış-çıxarış (Retrieval-Augmented Generation – RAG) metodları hibrid yanaşma ilə birləşdirilib.
Komanda Avropanın onkoloji sahəsində qəbul olunmuş “qızıl standart” rəhbər prinsiplərinə əsaslanaraq GPT-4 modeli üzərində xüsusi təlim aparıb. Hazırlanan yeni nəsil RAG əsaslı GPT-4 sistemi süd vəzi xərçənginin daha dəqiq və sürətli diaqnozunun qoyulmasına, patoloji və onkoloji əlamətlər əsasında həkim-pasient dialoqunun optimallaşdırılmasına, eləcə də həkimlərin qərar qəbuletmə prosesinin dəstəklənməsinə xidmət edir. Tədqiqat nəticələri göstərib ki, təqdim olunan model yalnız diaqnoz prosesinin dəqiqliyini artırmaqla kifayətlənmir, həm də xəstələrlə həkimlər arasında zəruri ünsiyyət müddətini azaldaraq vaxtın daha səmərəli istifadəsinə şərait yaradır. Bundan əlavə, sistem klinik qərarların Avropa protokollarına uyğunluğunu təmin etməklə səhv riskini minimuma endirir.
Bu beynəlxalq əməkdaşlıq Azərbaycan elmi üçün mühüm bir nailiyyət olmaqla yanaşı, ölkəmizin biotibbi mühəndislik və süni intellekt sahəsində qlobal tədqiqat şəbəkəsinə daha sıx inteqrasiyasını təmin edir. Layihə həmçinin süni intellektin tibbi diaqnostika və fərdiləşdirilmiş müalicə yanaşmalarında geniş tətbiq imkanlarını nümayiş etdirərək gələcəkdə digər xəstəliklərin idarə olunmasında da mühüm töhfələr verə bilər.