Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) əməkdaş və tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif layihələr həyata keçirir. Növbəti layihə çərçivəsində əməkdaş və tələbələr görkəmli şair-dramaturq, ictimai xadim Hidayət Orucovun “İrəvanda yanan çıraq” birpərdəli mistik tarixi pyesi əsasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnələşdirdiyi “İrəvanda yanan çıraq” tamaşasına baxıb.
Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.
Sovet epoxasının sonuna yaxın İrəvanda yaşayıb-yaradan (müəllifin prototipi kimi qavranılan) azərbaycanlı yazıçı Sultan Oğuzun bu mövzuda yazdığı “İrəvanda yanan çıraq” tarixi əsəri quduzlaşmış və xalqımızın Qərbi Azərbaycanda milli varlığına qənim kəsilmiş erməni millətçilərini o dərəcədə hiddətləndirir ki, ona şirnikləndirici tələ qururlar. Düşmənlər Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqlarına görə həqiqəti tarixi romanda canlandıran yazıçını öz xalqının gözündən salıb sıradan çıxarmaq üçün hiyləyə əl atır, əsəri keçmiş ittifaq dövlətinin ən yüksək mükafatına təqdim edirlər. Mübariz sənətkar düşmənlərin niyyətinin qarşısını kəsmək, tarixi həqiqəti xilas etmək üçün bu plana qarşı çıxır, mükafat almaqdan imtina edir.
Tamaşa boyu Şah İsmayılın ruhu dəfələrlə peyda olub xalqımızı düşmənlərin xəyanətlərinə qarşı ayıq-sayıq və döyüşkən olmağa səsləyir. Milli varlığımıza açıq-gizli təcavüzlərdə erməni qadınlarının şeytani rolu tamaşada incə ştrixlərlə əksini tapıb.
Tamaşanın sonunda İrəvanda söndürülmüş çırağının səhnədə təntənə ilə şölə saçması Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətinin timsalı kimi canlanır.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunan tamaşada 200-ə yaxın əməkdaş, 300-ə yaxın tələbə iştirak edib.
AzTU HİK və THİK gələcəkdə bu kimi tədbirlərin təşkilini davam etdirəcək.