Dünya Bankı tərəfindən həyata keçirilən “Azərbaycan üçün sürətləndirilmiş texniki yardım aləti” (AZTAF) vasitəsilə icra olunan “Enerji səmərəliliyi və iqlim” layihəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində binalarda enerji səmərəliliyinin artırılması mövzusunda maarifləndirici təlim keçirilib. Məqsəd binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, eyni zamanda “Enerji Effektivliyi Fondu” layihələrinin effektiv idarə olunması üçün bilik və bacarıqların artırılmasıdır.
Təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının baş müəllimi Asif Sadıqov və kafedranın assistenti Murad Rzayev iştirak edib.
İki gün davam edən təlim zamanı iştirakçılara enerji auditi, binaların enerji səmərəliliyi üzrə modernizasiya və təkmilləşmə mexanizmləri, layihə idarəçiliyi, monitorinq və qiymətləndirmə üzrə mövzular təqdim edilib. Eyni zamanda, ölkənin enerji səmərəliliyi siyasəti haqqında ətraflı məlumat verilib. Gələcəkdə daha geniş auditoriya üçün təlimlərin yerli mütəxəssislər tərəfindən keçirilməsini təmin etmək məqsədilə yerli auditorlar üçün treninq keçirilib. Bunlarla yanaşı, təlimin praktiki hissəsi kimi Şamaxı rayonu ərazisində yerləşən ictimai binalardan birində enerji auditi aparılıb.