Azərbaycan Texniki Universitetinin (AzTU) Keyfiyyət təminatı şöbəsinin əməkdaşları – Nərmin Xasayeva və Həmidə Həsənova ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş “Ali təhsildə keyfiyyət təminatı üzrə II ADA Simpoziumu”nda iştirak edib.
Simpoziumun əsas məqsədi ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində fəaliyyət göstərən nümayəndələrini bir araya gətirərək, fikir və təcrübə mübadiləsinə şərait yaratmaq olub.
İki gün davam edən simpozium çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keyfiyyət təminatı və akkreditasiya sahəsində aktual mövzular, qlobal tendensiyalar və qabaqcıl təcrübələr müzakirə olunub, həmçinin mövzu üzrə seminarlar təşkil edilib. Müzakirələrdə milli akkreditasiya, daxili keyfiyyət təminatı sistemləri, tədris proqramlarının qiymətləndirilməsi, tədris və öyrənmənin keyfiyyəti, insan resurslarının inkişafı, dayanıqlılıq və layihə idarəçiliyi kimi mövzular xüsusi diqqət mərkəzində olub. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim edilib.