Şamaxıda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə həsr olunmuş növbəti “Bootcamp” keçirilib.
Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Bootcamp”da Azərbaycan Texniki Universitetini (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi Əli Mustafasoylu, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Selcan Kərimli və “SmartTech” İnnovatorlar Mərkəzinin tədqiqat və layihələndirmə laboratoriyasının təlimçi-konstruktoru Ömər Ələsgərov təmsil edib.
“Bootcamp”ın əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaqdır.
Proqram çərçivəsində aqrar sahədə ixtisaslaşmış şirkətlərin, eyni zamanda 10-dan artıq akselerasiya və inkubasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilib. Təqdimatlar zamanı mütəxəssislər iştirakçıların təqdim etdikləri layihələrinin daha da təkmilləşdirilməsi, istehsalatda tətbiq olunma imkanları, kommersiyalaşdırılması və bazara çıxarılması ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüblər. “Bootcamp” iştirakçıları biotexnoloji üsullarla istehsal edilmiş bitkilərin satışını təşkil edən vahid platforma, suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, aqrar fəaliyyətlərin ağıllı idarəedilməsi üzrə proqram təminatı, su hövzələrində və akvariumda toplanan balıq atqılarını filtrdən keçirməklə təbii, saf və maddi sərfəli gübrənin alınmasına yönəltmək, heyvandarlıqda Concox Qbit-4G modulu əsasında yerli GPS izləmə sistemi, propandiol molekulunun bioloji fermentasiya ilə ekoloji təmiz mühitdə alınması, bitki xəstəliklərinin foto əsasında müəyyən olunmasına köməklik göstərən applikasiya və digər innovativ ideya və modellərlə bağlı təqdimatlar ediblər.
“Bootcamp” iştirakçılarının aqrar sahəyə dair bilik və təcrübəsini zənginləşdirmək məqsədilə Şamaxı rayonunda aqrar sahə üzrə ixtisaslaşmış istehsalat müəssisələrinə infotur təşkil olunub. İştirakçılar “Az-Granata” MMC-nin təsərrüfatında, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə təsərrüfatında, “Şirvan Şərabları” MMC-nin istehsalat sahəsində real iş prosesi ilə yaxından tanış olmaq imkanı qazanıblar.