Azərbaycan Texniki Universitetində (AzTU) xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə keçirilən tədbirin aparıcısı şair Cəbrayıl Qənbər milli poeziyamızın görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2025-cü il 21 fevral tarixli Sərəncamının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, bu Sərəncam əsasında ölkənin bütün təhsil müəssisələrində və mədəniyyət ocaqlarında şairin silsilə yubiley tədbirləri keçirilir.
AzTU-nun prorektoru Rəşad Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi kimi Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib.
Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev isə vətənpərvərlik duyğuları ilə zəngin Bəxtiyar Vahabzadə irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildirərək qeyd edib ki, şair dərin ictimai-siyasi və poetik-fəlsəfi məzmunlu əsərləri ilə Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətini ifadə edib, milli müstəqillik şüuruna, azərbyacançılıq məfkurəsinə, ümumtürk ideallarına yüksək mənada bağlığlığını nümayiş etdirib. Həmçinin o, respublikamızın çox ağır və məşəqqətli günlərində yüksək vətəndaşlıq, əsl ziyalılıq prizmasından çıxış edərək taleyüklü məsələlərin həllində cəsarətli mövqe nümayiş etdirib və bu fədakarlığı sayəsində xalqın dərin rəğbətini qazanıb.
Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisi Gülyanaq Məmmədova Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş sevilən musiqi nömrələri ilə tədbir iştirakçılarına xoş bir ovqat bəxş edib.
Sonra AzTU-nun məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, ADMİU-nun tələbəsi Ceyran Abbaslı, AzTU-nun tələbələri Əlican Əliyev, Lamiyə Zahidova və Maksim Frolov şairin sözlərinə yazılmış mahnıları ifa ediblər.
Daha sonra Bəxtiyar Vahabzadənin poeziya nümunələrindən “Axı dünya fırlanır...”, “Qocalmır”, “Bir salama dəymədi”, “Uşaqlıq”; “Muğam”, “Unutmaq istərəm...”, “Bayraq” şeirləri qiraətçi Cəbrayıl Qənbər, dosent Həbib Mirzəyev, tələbələr Durna Həsənli, Fatih Emir Torun və Canpolad Quliyev tərəfindən səsləndirilib.
Tədbir zamanı Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını, o cümlədən ulu öndər Heydər Əliyevin şair haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Həmçinin şairin “Azərbaycan-Türkiyə” və “Torpaqdan pay olmaz!” kimi şeirləri Türkiyə Cünhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifasında ekranda nümayiş etdirilməklə tədbr iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda Xalq artisti Gülyanaq Məmmədovaya və aparıcı - qiraətçi, şair Cəbrayıl Qənbərə AzTU rəhbərliyi adından təşəkkürnamə təqdim edilib.
Tədbir şairin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.