Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Universitet-sənaye əməkdaşlığı, istiqamətlər, nümunələr və süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib

AzTU-da “Universitet-sənaye əməkdaşlığı, istiqamətlər, nümunələr və süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib

15.05.2025     105     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubiley tədbirləri çərçivəsində universitetin təşəbbüsü və təşkilatçılığı, Türkiyə-Azərbaycan Universitetinin (TAU), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və “Caspian Energy Club”un tərəfdaşlığı ilə “Universitet-sənaye əməkdaşlığı, istiqamətlər, nümunələr və süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib.

Məqsəd universitet və sənaye arasında əməkdaşlıq modellərinin müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması və yeni texnologiyaların, xüsusilə süni intellektin istehsalat mühitinə inteqrasiyası prosesində ali təhsil müəssisələrinin artan rolunun dəyərləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan və qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye əlaqələrinin dayanıqlı modeli və təcrübəyə əsaslanan birgə fəaliyyətin qurulmasının əhəmiyyətindən bəhs edib. Rektor AzTU-nun KOBİA ilə birgə ərsəyə gətirdiyi və uğurla fəaliyyət göstərən KOB Model Müəssisəsinin universitet-sənaye əməkdaşlığı üçün böyük töhfəsindən, bu cür təşəbbüslərin davamlı olmasının vacibliyindən danışıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mikro və kiçik sahibkarlıq fəaliyyətlərində ali təhsil müəssisələrinin iştirakı, gənc sahibkarların formalaşmasındakı rolundan bəhs edib. Bildirib ki, universitet-sənaye əməkdaşlığının effektivliyi üçün çağdaş çağırışları düzgün anlamaq və qəbul etmək, elmi-tədqiqat istiqamətlərini bazarın tələblərinə görə qurmaq, təcrübə proqramları, peşəkar kadr hazırlığı və maliyyə resurslarına çıxış vacibdir.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirib ki, çağdaş zamanda universitet-sənaye əməkdaşlığını qurmaq asan deyil. Yalnız elmi-tədqiqatlara önəm verib vəsaitlər ayıran araşdırma universitetləri bu cür yanaşmanı gerçəkləşdirə bilərlər. O, dünyanın ən nüfuzlu universitetlərinin iş prinsipini universitet-sənaye-süni intellekt üzrə qurduğunu və daha sonra sənayeyə yön verən və yeniliklər gətirən, çağdaş bazarın tələbləri ilə uyğunlaşan lider magistr və doktorlar yetişdirdiyini bildirib.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev istehsalatda süni intellektin tətbiqi və bu sahədə ali təhsilin cavabdehliyindən bəhs edərək bildirib ki, çağdaş universitetlər təhsildən istehsala qədər süni intellektin təklif etdiyi imkanlardan yararlanmalı və eyni zamanda təhlükəsizlik məsələləri də paralel olaraq prioritet olmalıdır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə universitet-sənaye-dövlət üçbucağında əməkdaşlığın təşkilati və institusional mexanizmləri haqqında bölüşərək qeyd edib ki, həm universitet nümayəndələri, həm dövlət qurumlarının əməkdaşları, həm də sənaye təmsilçiləri birgə çalışaraq effektiv iş ortaya qoymalıdır.

Daha sonra Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru professor Mehmet Şimşir, TUBİTAK-ın sədr müavini professor Mesut Güner və İzmir Yüksək Texnologiya İnstitunun professoru Mustafa Güdən, “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov, Azərbaycan Milli Aviasiya Akademiyasının birinci prorektoru professor Ədalət Səmədov, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Məmmədsaleh Əliyev, “Aselsan-Bakü” şirkətinin direktoru Özgür Kürüm, AzTU Texnoloji Transfer Ofisinin direktoru Yadullah Babayev universitetlərin texnologiya transferi və innovasiya mərkəzləri vasitəsilə sənayeyə elmi biliklər ötürməsi yolları, startap ekosistemində universitet-sənaye əlaqələrinin möhkəmləndirilməsi və yeni təşəbbüslərə dəstək mühiti, beynəlxalq texnologiya transferi ofislərinin təcrübələri, onların sənayeyə inteqrasiyada rolu, eləcə də müdafiə və aviasiya sənayesində ixtisaslı kadr hazırlığı və elmi-texniki təcrübənin birgə inkişafı kimi istiqamətlər haqqında ətraflı təqdimatlar ediblər.

Tədbirdə 100-dən artıq sənaye nümayəndəsi və müxtəlif ölkələrdən akademik və texnoloji qurumların təmsilçiləri iştirak edib.


Related news