Azərbaycan Texniki Universitetində (AzTU) “Şəhərdaxili hərəkət və davamlı mobillik: WUF13-ə doğru” adlı beynəlxalq seminar və ekspert panel müzakirəsi keçirilib. Tədbirdə elm və təhsl nazirinin müşaviri Nicat Məmmədli, Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Türkiyə və Özbəkistan universitetlərinin rektorları, Qazaxıstan universitetinin professoru, həmçinin “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsində tərəfdaş olan 44 şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.
Tədbir Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi ilə əlaqədar təşkil olunub.
Məqsəd WUF13-ün ölkəmizdə keçirilməsi kontekstində şəhərdaxili mobillik planlarının inkişafına, dayanıqlı şəhər siyasətlərinin gücləndirilməsinə və ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsinə birbaşa töhfə verməkdir.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumu (WUF13) BMT-nin Dayanıqlı İnkişaf Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən, şəhərsalma və davamlı urban inkişafı sahəsində dünyanın ən böyük beynəlxalq platformasıdır. Forumun məqsədi şəhərlərdə həyat keyfiyyətinin yüksəldilməsi, davamlı mobillik, yaşıl infrastruktur, rəqəmsal transformasiya və urban siyasətlər üzrə qlobal təcrübələrin paylaşılmasını təmin etməkdir.
Bu foruma töhfə verən tədqiqat işlərindən biri AzTU-da həyata keçirilib. AzTU 2022–2025-ci illərdə 44 tərəfdaş şəhər və rayon (Gəncə, Sumqayıt, Göygöl, Şəmkir, Ağcabədi, Naftalan, Xaçmaz, Tovuz, Yevlax, Masallı, Biləsuvar, Mingəçevir, Qusar, Şirvan, Quba, Göyçay, Şəki, Lənkəran, Balakən, Oğuz, Hacıqabul, Qobustan, Neftçala, Ağstafa, Qax, Lerik, Cəlilabad (Göytəpə), Ağdaş, Qazax, İmişli, Daşkəsən, Qəbələ, Samux, Gədəbəy , Zaqatala, Saatlı, Goranboy, Salyan, Bərdə, Zərdab, Siyəzən, Tərtər, Ağsu, Şamaxı) icra hakimiyyəti ilə birlikdə “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində məsləhət xidmətləri həyata keçirib.
Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmədli, Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurasının (YÖKAK) sədri professor Ümit Kocabıçak, Sakarya Universitetinin rektoru professor Hamza Al, Çankaya Universitetinin rektoru professor Hadi Hakan Maraş, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Avtomobil nəqliyyatı infrastrukturu və ekspertizası departamentinin direktoru Mirhəmid Bağırov tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, tədbirdə müzakirə olunan məsələlər şəhərdaxili mobilliyin inkişafına və urbanizasiya siyasətinin gücləndirilməsinə töhfə verəcək.
Daha sonra şəhərdaxili mobillik və dayanıqlı inkişaf mövzusunda panel müzakirə keçirilib.
AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru professor Fuad Daşdəmirov “Şəhərdaxili mobillik planı: ictimai nəqliyyat, mikro və makromobillik üzrə nəticələr, çağırışlar və WUF13 kontekstində dayanıqlı perspektivlər”, Gazi Universitetinin Avtomotiv mühəndisliyi bölümünün rəhbəri professor Mesut Düzgün “Elektrikli nəqliyyat vasitələrinin inkişafı və sahə üzrə kadr hazırlığının zəruri aspektləri”, Özbəkistanın Daşkənd Perfect Universitetinin rektoru professor Daurenbek İlesaliev “Gülüstan şəhərinin müasir nəqliyyat modeli: təhlil, modelləşdirmə və layihə həlləri”, Qazaxıstanın Karaganda Texniki Universitetinin Sənaye nəqliyyatı kafedrasının professoru Oyum Balabayev “Karaganda aqlomerasiya bölgəsində nəqliyyat mobilliyinin monitorinqi” mövzularında məruzələrlə çıxış ediblər.