Azərbaycan Texniki Universitetində (AzTU) “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən hazırlanmış “İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib.
Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu təşkilatın 18 illik fəaliyyətindən, eyni zamanda həyata keçirdiyi layihə və tədbirlərdən danışıb.
AzTU-nun rektoru Vilayət Vəliyev iqlim dəyişikliyi, qlobal istiləşmə və onunla mübarizənin bəşəriyyət üçün ən aktual problemlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu proseslərin qarşısının alınması, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişafın təmin olunması istiqamətində elmi tədqiqatların aparılması, innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və həmin təsirin azaldılmasında ISO standartları mühüm rol oynayır. Rektor deyib ki, “İqlim dəyişikliyi və ISO standartları” kitabı iqlim dəyişikliyi ilə mübarizədə müasir yanaşma və metodları əhatə edir. Sözügedən kitab mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün mühüm metodoloji vəsait kimi istifadə oluna bilər.
Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov iqlim dəyişikliyi, ekoloji problemlər, həmçinin metrologiya sahəsində beynəlxalq standartların tətbiqinin vacibliyindən danışıb.
Çıxış edənlər iqlim dəyişikliyi və onun təsirlərinin azaldılması istiqamətində hazırda dünyada tətbiq olunan yanaşma və metodologiyalardan danışıblar.