Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Texniki Universitetində (AzTU) ədəbi-bədii tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin prorektoru Rəşad Əliyev insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında ana dilinin rolunu xüsusi vurğulayıb.
Daha sonra Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Aytən Qurbanova çıxış edərək insan şəxsiyyətinin formalaşmasında ana dilinin ən mühüm vasitə olduğunu qeyd ediblər. Bu baxımdan ana dilimizin qorunması, onun daha da inkişaf etdirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Azərbaycan ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı onun Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə göstərdiyi diqqətin bariz nümunəsi idi.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.