4–6 noyabr tarixlərində Cənubi Koreyanın Seul şəhərində “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı və Koreya Universitetinin ev sahibliyi ilə “QS Ali Təhsil: Asiya və Sakit Okean” sammiti keçirilib.
Tədbirdə Avstraliya, Qazaxıstan, Vyetnam, Filippin, İndoneziya, Malayziya, Tailand, Misir və digər ölkələrin ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan universitetləri də iştirak ediblər.
Azərbaycan Texniki Universitetini (AzTU) sammitdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil ediblər.
Sammit çərçivəsində “QS Stars” beynəlxalq qiymətləndirmə sistemindən uğurla keçən universitetlərin təltifolunma mərasimi keçirilib. AzTU bu qiymətləndirmədə 5 ulduzla təltif olunub.
Tədbir çərçivəsində AzTU nümayəndə heyəti dünyanın müxtəlif ölkələrindən olan universitetlərin rəhbərləri və beynəlxalq reytinq qurumlarının təmsilçiləri ilə görüşlər keçirib, təcrübə mübadiləsi aparıb və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində AzTU nümayəndələri Azərbaycanın Koreyadakı səfirliyinin Zəfər Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda iştirak ediblər.