Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” respublika elmi-praktiki konfransı keçirilib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” respublika elmi-praktiki konfransı keçirilib

26.05.2025     77     AzTU

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçirilib.

Tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri, AMEA, həmçinin Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi kimi bir çox elmtutumlu məsələlərin həlli zərurətinə diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə infrastrukturunun konseptual və arxitektur-texnoloji əsaslarının formalaşdırılması istiqamətində mövcud problemlərin, imkanların və perspektivlərin müzakirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibarətdir.

Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəqəmsal tibb problemlərinə həsr olunmuş konfransın müvafiq sahədə aparılan tədqiqatlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eləcə də yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibbdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik R.Əliquliyev ölkəmizdə tibbi informatika, data elmləri, rəqəmsal səhiyyə, kibertəhlükəsizlik, rəqəmsal kriminalistika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini də önə çəkib.

AR səhiyyə nazirinin müavini. dosent Nadir Zeynalov müasir dövrdə rəqəmsallaşmanın cəmiyyətin həyatının bütün sahələrinə nüfuz etdiyini qeyd edib. N.Zeynalov rəqəmsal həllərin tibb sahəsində sərhədsiz imkanlar açdığını və strateji əhəmiyyətə malik olduğunu, pasiyentlərə diaqnozun qoyulması, həkimə dəstək göstərilməsi və s. istiqamətlərdə geniş tətbiq olunduğunu vurğulayıb. Əlavə edib ki, rəqəmsal həllər, ekspert sistemləri müalicə üsulunun müəyyənləşdirilməsində yaranan çətinliklər zamanı bu sahədə toplanmış məlumatlardan istifadə etməklə həkimlərə qərarların qəbulu prosesində tövsiyələr verir. 

Konfransda həmçinin Azərbaycan Texniki Universitetinin tədris işləri prorektoru professor Nurəli Yusifbəyli və digərləri çıxışında konfransın rəqəmsal tibbin elmi-nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Daha sonra konfrans işini “Rəqəmsal tibbin formalaşmasının elmi-nəzəri problemləri” və “Tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi-praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirib.


Digər xəbərlər