Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Mingəçevirdə AzTU-nun təşkilatçısı olduğu “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda konfrans keçirilir

Mingəçevirdə AzTU-nun təşkilatçısı olduğu “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda konfrans keçirilir

06.12.2025     56     AzTU

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər (Sustainable Development Strategy: Global Trends, National Experience and New Goals)” mövzusunda III beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransın əsas məqsədi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarətdir.

Konfrans Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra MDU-nun foyesində tələbələrin hazırladıqları startap layihələrindən ibarət sərgiyə baxış keçirilib.

Konfransın açılış mərasimi Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qonaqları salamlayan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov konfransın işinə uğurlar arzulayıb.

MDU-nun rektoru Anar Eminov bildirib ki, tədbirə dünyanın 19 ölkəsindən, eləcə də Azərbaycanın 24 ali təhsil və tədqiqat mərkəzindən olan alim və tədqiqatçıların 600-dən çox tezis və məqaləsi daxil olub. Rektor qeyd edib ki, Mingəçevir Dövlət Universiteti bu beynəlxalq elmi konfransın əsas ev sahibi kimi qlobal çağırışlara uyğun yeni bilik və innovativ yanaşmaların müzakirəsinə xüsusi önəm verir. Onun sözlərinə görə, “Davamlı inkişaf” konsepsiyası həm milli inkişaf strategiyalarının, həm də ali təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsində əsas istiqamətlərdən birinə çevrilib.

AzTU-nun rektoru Vilayət Vəliyev konfransın elm, texnologiya və innovasiya sahəsində qlobal trendlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Rektor qeyd edib ki, müasir dövrdə süni intellekt, yaşıl enerji, kibertəhlükəsizlik, rəqəmsallaşma və dördüncü sənaye inqilabı ilə bağlı dəyişikliklər cəmiyyətin bütün sahələrinə təsir göstərir. Azərbaycan universitetlərinin bu dəyişikliklərə uyğunlaşması üçün universitetlərarası əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Açılış nitqlərindən sonra konfrans proqrama uyğun olaraq protokol çıxışları ilə davam edib. 

Üç gün davam edəcək konfrans işini bölmə iclasları ilə davam etdirir.

Konfransın bağlanış mərasimi dekabrın 8-də AzTU-da keçiriləcək. Bağlanış iclasında konfrans ərzində əldə olunan nəticələrin və gələcək əməkdaşlıq perspektivlərinin vurğulanması və yekun qərarın qəbulu nəzərdə tutulur.


Digər xəbərlər