Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda XI Respublika elmi-texniki konfransının açılış mərasimi keçirilib.
Açılış mərasimində ali təhsil müəssisələrinin alim və tədqiqatçıları, həmçinin sənaye sektorunun nümayəndələri iştirak ediblər. Tədbirin geniş iştirakçı tərkibi konfransın artan elmi nüfuzunu və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirib.
Konfrans iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, ənənəvi xarakter daşıyan bu elmi platforma hər il inkişaf edərək daha geniş miqyas alır. Rektor çıxışında elmi-tədqiqat fəaliyyətinin nəticələrinin yalnız nəzəri müstəvidə qalmamasının, onların innovativ həllər vasitəsilə real sektora tətbiqinin zəruriliyini xüsusi vurğulayıb.
Tədbirdə fəxri qonaq qismində çıxış edən AzTU-nun məzunu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini, general-mayor Allahverən İsmayılov konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, dövlət təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində elmi təşəbbüslərin dəstəklənməsinin vacibliyini qeyd edib.
Konfransın plenar iclasında müasir və aktual elmi istiqamətlər üzrə məruzələr təqdim olunub. Radiotexnika və telekommunikasiya texnologiyaları kafedrasının magistrantı Məhbubə İbrahimli “GPON şəbəkələri və onların IMS sistemlərinə inteqrasiyasının tədqiqi” mövzusunda, Kibertəhlükəsizlik kafedrasının assistenti Ağa Ağayev isə “Bənzərsiz cütlük: kriptoqrafiya və süni intellekt” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd olunub ki, builki konfransın coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib, Azərbaycanla yanaşı ABŞ, Macarıstan, Almaniya və Türkiyədən təqdim olunan elmi məqalələr tədbirin beynəlxalq statusunun daha da möhkəmlənməsinə töhfə verib.
İki gün davam edəcək konfrans işini müvafiq elmi istiqamətlər üzrə bölmə iclasları ilə davam etdirir.