Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində “ISO 21001:2018 – Təhsil Təşkilatları üçün İdarəetmə Sistemi” standartına keçid çərçivəsində növbəti mühüm mərhələ keçirilib. “STAREGISTER International Inc.” beynəlxalq sertifikatlaşdırma şirkətinin Keyfiyyət müdiri və ISO 21001 üzrə baş auditoru Yeşim Dinçer, INCERT sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov fakültədə xarici audit prosesini həyata keçiriblər.
Auditin açılış iclasında iştirak edən AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli qonaqları salamlayaraq universitetdə ISO 21001 standartına keçidin əhəmiyyətini vurğulayıb. O, bu prosesin təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addım olduğunu, növbəti mərhələlərdə digər beynəlxalq standartların tətbiqinin də nəzərdə tutulduğunu bildirib.
Gün ərzində fakültənin idarəetmə sistemi, tədris prosesi, sənədləşmə standartları və daxili fəaliyyət mexanizmləri auditorlar tərəfindən qiymətləndirilib.
Günün sonunda keçirilən bağlanış iclasında auditorlar görülən işləri yüksək qiymətləndiriblər. Baş auditor Yeşim Dinçer fakültədə tətbiq olunan idarəetmə proseslərinin ISO 21001 standartının tələblərinə uyğun olduğunu qeyd edib və auditin ilkin nəticələrinin müsbət olduğunu bildirib.
Bağlanış tədbirdə iştirak edən AzTU-nun rektoru Vilayət Vəliyev Xüsusi texnika və texnologiya fakültəsinin bu prosesdə pilot olaraq seçilməsinin önəmini vurğulayıb. Rektor bildirib ki, standartların uğurlu tətbiqi fakültənin idarəetmə mədəniyyətinə və tədris keyfiyyətinə ciddi töhfə verir. O, növbəti mərhələdə universitetin digər strukturlarında da ISO 21001 standartının mərhələli şəkildə tətbiq olunmasının mümkünlüyünü diqqətə çatdırıb.
Görüş qarşılıqlı fikir mübadiləsi və səmərəli müzakirə şəraitində yekunlaşıb.