Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 2025–2026-cı tədris ilinin birinci semestri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə növbəti müsabiqəni həyata keçirib.
Yekun nəticələrə əsasən, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Rəhimli Mahmud Səməd oğlu və Verdizadə Ömər Rüfət oğlu, həmçinin AzTU-nun Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə təhsil alan Şükürlü Aydın Elbəyi oğlu xüsusi fərqlənərək qalib elan olunub.
Mükafatlandırılma mərasimində XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov, AzTU-nun rektoru professor Vilayət Vəliyev və digər nümayəndələr iştirak edib. Çıxışlar zamanı dövlət qurumları ilə ali təhsil müəssisələri arasında mövcud əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, kibertəhlükəsizlik istiqamətində gənc mütəxəssislərin hazırlanmasının dövlət üçün strateji prioritetlərdən biri olduğu vurğulanıb.
Qeyd edilib ki, XRİTDX ilə AzTU-nun arasında 05 noyabr 2022-ci il tarixində imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində AzTU tələbələri üçün mütamadi olaraq müsabiqələr keçirilərək qalib tələbələr mükafatlandırılmaqla yanaşı, informasiya təhlükəsizliyi istiqamətində təhsil alan tələbələrə praktiki-təcrübə proqramı çərçivəsində tədbirlərdə iştirak etmələri üçün şərait yaradılır. Həyata keçirilən tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi və ölkədə kibertəhlükəsizlik sahəsinin insan resursları potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Daha sonra XRİTDX-nin nümayəndələri AzTU-nun müasir tədris infrastrukturu, həmçinin Xidmətin dəstəyilə yaradılmış laboratoriyalar, rabitə və telekommunikasiya üzrə yenilənmiş tədris otaqları, habelə tətbiq olunan innovativ təlim mühitləri və qabaqcıl tədris texnologiyaları ilə tanış olublar.