Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Litvada səfərdə olub. “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində reallaşan səfər layihənin koordinatoru Kaunas Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilib.
Səfərdə AzTU-nu Kibertəhlükəsizlik kafedrasının dosenti Milana Orucova, Kompüter texnologiyları kafedrasının baş müəllimi Natiq Qurbanov, Mexatronika və maşın dizaynı kafedrasının baş müəllimi Anar Hacıyev və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva təmsil edib. Səfərdə həmçinin AzTU-nun layihə çərçivəsində əməkdaşlıq etdiyi Aqrar İnnovasiya Mərkəzinin Texnoloji transfer və innovasiya şöbəsinin müdiri Nərmin Kərimli də iştirak edib.
İştirakçılar səfər çərçivəsində Litvanın klaster təcrübəsi, onların fəaliyyəti, idarəetmə strukturları, maliyyələşmə mexanizmləri, yerli təsərrüfatçılarla əməkdaşlıq istiqamətləri və kommunikasiya üsullarının müzakirəsində iştirak ediblər.
Daha sonra Litvanın Kənd Təsərrüfatı və Meşəçilik Tədqiqat Mərkəzi, eləcə də ekoloji məhsullar istehsal olunan emal fabriki, Litvada aqrar sahədə ən iri təsərrüfat hesab olunan “AQRO Konsern Qrup”da görülən işlərlə tanışlıq olub.
Litva klaster şəbəkəsinin rəhbəri Kristina Sermuksnyte-Alesiuniene və Litva “AgriFood” Rəqəmsal İnnovasiya Habının üzvü olan “Xplicity” şirkətinin satış və marketinq meneceri Alina Laukiene ilə görüş zamanı nümayəndə heyətinə geniş təqdimatla müvafiq məlumatlar verilib.
İştirakçılar Vytautas Magnus Universitetinin Kənd Təsərrüfatı Akademiyası və Kaunas Tətbiqi Elmlər Universitetində tədrisinkeyfiyyəti, infrastruktur və digər layihələrlə yaxından tanış olublar.