Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru professor Ahmed Şengönülün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir də iştirak edib.
Prorektor Nurəli Yusifbəyli qonaqları salamlayaraq onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Prorektor universitetdə elm və tədqiqat sahəsində görülən işlər, həyata keçirilən ikili diplom proqramları və layihələr, eləcə də AzTU-nun Azərbaycanın təhsil sahəsinə gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib. Sivas Cümhuriyyət Universitetinin nümayəndələri də öz növbəsində universitetin fəaliyyət istiqamətləri barədə təqdimat edib.
Görüş zamanı AzTU ilə Sivas Cümhuriyyət Universiteti arasında əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki universitet üçün faydalı olacaq birgə tədqiqat mərkəzlərinin yaradılması, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində birgə əməkdaşlıq, birgə tədqiqat layihələrinin hazırlanması ilə bağlı təkliflər səsləndirilib. Həmçinin professor-müəllim heyəti və tələbə mübadiləsi, universitetlərin təşəbbüsü ilə birgə tədbirlərin təşkili istiqamətində də məsələlər müzakirə olunub.