Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyə-Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

Türkiyə-Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

26.02.2026     63     AzTU

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Türkiyə-Azərbaycan Universitetində (TAU) anım tədbiri keçirilib. Tədbirdə TAU və Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyəti, tələbələr iştirak edib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirin moderatoru AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Həbib Mirzəyev qeyd edib ki, Xocalı soyqırımından 34 il keçsə də faciənin yaşatdığı ağrılar, acılar heç zaman sağalmayacaq.

Daha sonra çıxış edən TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun və Kompüter mühəndisliyi proqramının rəhbəri Əhməd Coşar Xocalı faciəsinin bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən biri olduğunu qeyd ediblər.

TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırım olduğunu deyib. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisası alındı. Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq.


Related news