Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində təlimlər təşkil edilib.
Akademik heyətin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan təlimlər "Tədqiqat metodları" mövzusunda keçirilib.
Təlimlərdə AzTU-nu Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müəllimləri Ülkər Əkbərova və Gülnar Abdullayeva, Kibertəhlükəsizlik kafedrasının müəllimi İlahə Qəhrəmanova, Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev, Yüksək Təhsil İnstitutunun mütəxəssisi Xumar Əbilova, elmi işçi Elçin Abdullayev və doktorantura tələbələri Abdullah Camalov, Ayxan Həsənov, Rəşid Qaraxanov təmsil edib.
İki günlük təlimlərdə tədqiqatın planlaşdırılması, etik prinsipləri, tədqiqat suallarının müəyyənləşdirilməsi, metodoloji üsullar, verilənlərin təhlili və hesabatların yazılması barədə iştirakçılara nəzəri və praktiki məlumatlar verilib və praktiki tapşırıqlar icra olunub.