Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Ramazan Quliyev İtaliyanın Cosenza şəhərində keçirilən ESTIEM təşkilatının “General Assembly” adlı tədbirində iştirak edib.
Tədbirdə ESTİEM-in ümumi idarəetmə strukturu ilə bağlı vacib mövzular müzakirə edilib, yeni yerli qrupların ESTIEM ailəsinə qoşulması və lider heyətində baş verən dəyişikliklər elan edilib.
Son 6 ayın fəaliyyət hesabatları, həmçinin “Council Meeting (CM)” tədbirinə dair hesabat da iştirakçılara təqdim olunub. Eyni zamanda, səsvermə yolu ilə növbəti il üçün CM tədbirinin keçiriləcəyi ölkə müəyyən olunub.
Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan ESTIEM üzvləri ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və şəbəkələşmək üçün geniş imkanlar olub.
ESTIEM-in bu tədbiri AzTU tələbəsi Ramazan Quliyev üçün beynəlxalq tələbə şəbəkəsində təmsil olunmaq, təşkilati qərarların qəbul prosesində bilavasitə iştirak etmək və ESTIEM-in fəaliyyət mexanizmlərini yaxından öyrənmək baxımından əhəmiyyətli təcrübə olub.