Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub

AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub

10.06.2025     400     AzTU

Aynurə İsmayılova Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.   

Yüksək Təhsil İnstitutuna direktor təyinatından əvvəl o, AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərib. Aynurə İsmayılova AzTU komandasına 2021-ci ildə Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin rəhbəri kimi qoşulub.

Əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə) İnstitutunda başlayıb. Sonra Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) və İqtisadiyyat Nazirliyinin birgə “Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinə potensialın gücləndirilməsinə dəstək” layihəsinin Azərbaycan nümayəndəliyində layihə meneceri, daha sonra İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri və direktor müavini vəzifələrinədək yüksəlib.

Layihələrin idarəedilməsi istiqamətində ardıcıl fəaliyyət göstərən Aynurə İsmayılova 15 ildən yuxarı müxtəlif təyinatlı və xarakterli beynəlxalq layihələrin (Asiya İnkişaf Bankı (ADB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İslam İnkişaf Bankı (IDB), İslami Tədqiqatlar və Təlim İnstitutu (IRTI), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), eləcə də, Elm və Təhsil Nazirliyi (ETN), İqtisadiyyat Nazirliyi (İN) tərəfindən maliyyələşən) koordinatoru və icraçısı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi (EİF/GAM-3-2014-6(21)) layihəsinin rəhbəri olub.

2012-2021-ci illərdə ölkəmizdə İqtisadi Əməkdaşlıq Təşkilatı Tədqiqat Mərkəzinin (ERC) yaradılmasına dair hüquqi normativ sənədlərin hazırlanması işçi qrupunda təmsil olunub, İƏT-in Regional Planlama Şurasına təqdim olunan hesabatların hazırlanmasında, eləcə də üzv ölkələrlə əməkdaşlıqda fəal iştirak edib. İƏT ilə əməkdaşlıq çərçivəsində 2016-cı ildə Qırğızıstanın sosial-iqtisadi inkişafına verilən töhfəyə görə bu ölkənin maliyyə nazirinin imzası ilə ona “Təşəkkür” elan edilib.

2012, 2018 və 2025-ci illərdə Çin Xalq Respublikasının Şanxay Açıq Universitetində Beynəlxalq Mübadilə Təqaüd, Alman Elmi Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Almaniyanın İqtisadi Keçid yaşayan Ölkələrin Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnitz İnstitutunda (IAMO) Qonaq Tədqiqatçı (Visiting Scholar), Cənubi Koreyanın Xarici İqtisadi Siyasət Tədqiqat İnstitutunun Qonaq Tədqiqatçı Təqaüd (KIEP Visiting Fellows) proqramlarının iştirakçısı olub.

Ümumilikdə 2006-cı ildən etibarən müxtəlif təqaüd proqramları yolu ilə xarici ölkələrdə təşkil edilən 40-a yaxın elmi və elmi-texniki tədbirlərin dinləyicisi olub.

AzTU-da fəaliyyət göstərdiyi müddətdə Türkiyə Respublikasının Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə qurulan əməkdaşlığın 2022-ci ildən etibarən davam etdirilməsində fəal iştirak edərək, TUSAŞ-AzTU: “Yüksək ixtisaslı mühəndis geliştirmə proqramı, MGP”, “SKY Global” Mübadilə, “Sənaye yönümlü buraxılış işi – məzun layihələri, Lift UP” proqramlarına rəhbərlik edib. O həmçinin AzTU tərəfindən həyata keçirilən “Şəhərdaxili hərəkət (mobillik) planlarının hazırlanması” layihəsinin koordinatorudur.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakülətəsinin bakalavr və magistr səviyyələri üzrə məzunu olan Aynurə İsmayılova 2021-ci ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adını alıb, layihələrin idarəedilməsi üzrə IPMA B dərəcəli sertifikata malikdir.

2014-cü ilin 21 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı (798 nömrəli) ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Related news