Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Ali Neft Məktəbi (BANM), 4SIM və ESRİ şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “ArcGIS Student Use” layihəsi çərçivəsində Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə maarifləndirici vorkşop keçirilib. Tədbirdə AzTU-nun Nəqliyyat və logistika fakültəsinin bakalavr və magistr tələbələri ilə yanaşı, müəllim heyəti də iştirak edib.
Vorkşopda ArcGIS proqram təminatının coğrafi məlumatlarının təhlili, vizuallaşdırılması və idarə olunması sahəsində verdiyi imkanlar vurğulanıb. Tədbirdə tələbələr proqramın real tətbiqləri ilə tanış olmaqla yanaşı, onları maraqlandıran sualları səsləndirmək imkanı da əldə ediblər.
“ArcGIS Student Use” layihəsi tələbələrin coğrafi məlumatların idarə edilməsi və analizi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bu cür təlimlər gənclərin CİS sahəsində daha geniş imkanlara yiyələnməsinə şərait yaradır, həm də onların gələcək karyera perspektivlərini artırır.