Birləşmiş Krallığın London şəhərində Quacquarelli Symonds (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı ilə “QS Reimagine Education 2025” konfransının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov iştirak edib.
Üç gün davam edəcək beynəlxalq konfrans təhsildə innovasiyalar, süni intellektin tətbiqi, inklüzivlik və məzun məşğulluğu kimi aktual mövzuları əhatə edir. Dünyanın aparıcı universitetləri və təhsil ekspertlərini bir araya gətirən tədbir təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir.
AzTU konfransda “Li-Fi Technology for Education and Innovation: Advanced Architectures and Transmission Methods” adlı layihə ilə təmsil olunur. Sözügedən layihə “QS Reimagine Education” müsabiqəsinin “Shortlist” mərhələsinə seçilərək beynəlxalq auditoriya qarşısında təqdim edilib.
Bu nailiyyət AzTU-nun təhsildə innovativ həllərin tətbiqi, mühəndislik və rəqəmsal texnologiyalar sahəsində inkişaf strategiyasının uğurlu nəticəsi kimi dəyərləndirilir.