Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub. AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli enerji sektorunda rəqəmsallaşma, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, SCADA və süni intellekt əsaslı idarəetmə sistemlərinin tətbiqinin önəmindən danışıb. Bildirib ki, sözügedən idarəetmə sistemləri yeni kompetensiyalara malik mühəndis kadrların hazırlanmasını zəruri edir.
Sonra Energetika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev elektrik və elektronika və energetika mühəndisliyi ixtisasları üzrə tədris planları və fənn proqramları haqqında geniş məlumat verib.
“Azərenerji” ASC-nin Baş Ötürücü Sistem Opreratorunun birinci müavini Yusif Qarayev, Mərkəzi Dispetçer İdarəsinin rəisi İlham Ağasiyev enerji sistemlərində SCADA, WAMS, rəqəmsal platformalar, enerji saxlanc texnologiyaları və proqram təminatı üzrə ixtisaslaşmış kadrların hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar. Həmçinin magistr dissertasiyalarının real istehsalat problemləri əsasında formalaşdırılmasının vacibliyi qeyd edilib.
Görüşdə tərəflər arasında koordinasiyalı əməkdaşlığın genişləndirilməsi, tədris planlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbələr üçün 20 həftəlik istehsalat təcrübəsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin icrası, eləcə də bu formatda görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.