“PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev və şirkətin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin əməkdaşları ilə görüşüblər.
Rektor Vilayət Vəliyev AzTU-da son illər həyata keçirilən layihələr, universitet- sənaye əməkdaşlığı çərçivəsində görülən işlər barədə məlumat verib.
“PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev öz növbəsində əməkdaşlıq üçün göstərilən təşəbbüsə görə təşəkkür edib. Şirkətin tələbələr üçün müxtəlif təcrübə proqramları həyata keçirdiyini bildirən Tural Əliyev, AzTU tələbələrinin bu proqramlarda fəallıq göstərərək seçildiyini və işlə təmin olunduğunu vurğulayıb.
Görüş zamanı AzTU ilə “PAŞA Property Management” arasında əməkdaşlığın perspektivləri, birgə elmi-tədqiqat, universitetin şirkət üçün peşəkar kadr hazırlığı prosesinə verəcəyi töhfə, tələbələrin şirkətdə təcrübə və iş imkanları kimi məsələlər müzakirə olunub.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.