Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Kristal Zalında olub. Qonaqlar “Bakı Kristal Zalı” MMC-nin direktoru Bahar Dadaşova və müəssisənin əməkdaşları ilə görüşüblər.
Görüş zamanı AzTU-nun Bakı Kristal Zalının fəaliyyət istiqamətlərinə uyğun ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alanların istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə isə magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, həmçinin tədris planlarının və proqramlarının təkmilləşdirilməsi istiqamətində əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Bundan başqa, AzTU-nun doktorant və dissertantlarının elmi-tədqiqat işlərində Bakı Kristal Zalının istehsalat fəaliyyətində aktual olan mövzuları araşdırması barədə razılığa gəlinib.
Tərəflər qeyd olunan məsələləri əməkdaşlıq haqqında memorandumla rəsmiləşdirib.
İmzalanma mərasimindən sonra AzTU nümayəndə heyəti Bakı Kristal Zalının ərazisi ilə tanış olub.