Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ikinci dəfə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinə ev sahibliyi edib

AzTU ikinci dəfə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinə ev sahibliyi edib

27.05.2025     149     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (SDGs) dəstəkləyən “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsi keçirilib.

AzTU və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verilməsinə cəlb olunmasıdır. Builki beynəxalq müsabiqədə Azərbaycanın ümumilikdə 21 ali təhsil müəssisəsindən 60 komanda, Qazaxıstanın 1 universitetindən 2 komanda iştirak edib. AzTU tələbələri bu il müsabiqəyə 9 startap layihəsi təqdim edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev Pakistanla Azərbaycanın qardaşlıq və tərəfdaşlıq münasibətlərindən danışıb. Bildirib ki, bu tərəfdaşlıq münasibətləri təhsil, elm, innovasiya sahələrində də davam etdirilir. Rektor AzTU-nun ev sahibliyi etdiyi beynəlxalq startap müsabiqəsinin bilik və praktik bacarıqları yoxlayan, tələbələrin ideyalarını dəstəkləyən ciddi platforma olduğunu və ötən illə müqayisədə bu il layihə müraciətlərinin sayının artaraq 60-ı keçdiyini qeyd edib. O, müsabiqədə iştirak edən bütün universitet tələbələrinə uğurlar diləyib və əlavə edib ki, müsabiqənin ilkin mərhələsinin qalibləri Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov dəvətə görə AzTU rektoruna təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür beynəlxalq müsabiqə həm BANM tələbələrinin, həm də bütovlükdə Azərbaycan gənclərinin yaradıcı beyin məhsulunu üzə çıxarmaq üçün gözəl motivasiyadır. Rektor BANM tələbələrinə və onları beynəlxalq müsabiqəyə hazırlayan elmi rəhbərlərinə aktiv iştirak üçün təşəkkür edərək bütün gənclərə uğurlar diləyib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu cür beynəlxalq tədbirdə iştirak etdiyi üçün məmnunluq hissini ifadə edib. Bildirib ki, strateji və gənc universitet olaraq Qarabağ Universitetinin bu cür layihələrdə iştirakı vacibdir. O qeyd edib ki, Qarabağ Universiteti gələcəkdə AzTU və Pakistanın nüfuzlu universitetləri ilə bütün sferalarda əməkdaşlıq etməyə hazırdır.

NUST-un tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektoru Rizvan Riaz bildirib ki, “İnnovativ və yaradıcı həllərin tapılması” beynəlxalq startap müsabiqəsi hər iki ölkənin gənclərinin potensialını üzə çıxarmaq üçün əla fürsətdir. Prorektor sonda müsabiqədə iştirak edən startapçı gənclərə uğurlar arzulayıb.

Tədbir AzTU tələbələrinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib və tədbirdə beynəlxalq müsabiqə ilə bağlı videoçarx nümayiş etdirilib.

Gün ərzində müsabiqədə iştirak edən komandalar öz startap layihələrini təqdim ediblər. Qaliblər sənaye və təhsil sahəsinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin sonunda qaliblər mükafanlandırılıb.

FICS (Finding Innovative & Creative Solutions) Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. AzTU artıq ikinci ildir ki, beynəlxalq tədbirə ev sahibliyi edir.


Related news