Azərbaycan Texniki Universitetində (AzTU) beynəlxalq qabaqcıl universitetlərin (əsasən RWTH Aachen, ICL, MIT, ODTÜ və İTÜ) təcrübələri əsasında uzun müddət aparılan institusional islahatların ümumiləşmiş nəticəsi olaraq Universitetin Elmi şurasının qərarı ilə yeni hibrid akademik idarəetmə modeli tətbiq olunub.
Bu model çərçivəsində: (1) bakalavr təhsil proqramlarının sahibliyi və idarə olunması fakültələrə məxsusdur; (2) magistr və doktorantura proqramlarının akademik sahibiliyi və idarə edilməsi Yüksək Təhsil İnstitutudur (YTİ); (3) tədqiqat fəaliyyətinin koordinasiyası ixtisas klasterləri üzrə yaradılmış Tədqiqat İnstitutları (Tİ) vasitəsilə həyata keçirilir; (4) tədris və tədqiqat fəaliyyətinin əsas icra vahidi isə “Academic Department” modeli əsasında təşkil edilmiş kafedralardır.
Yeni model Fakültə – YTİ – Kafedra – Tİ strukturuna əsaslanır və universitetdə tədris və tədqiqat fəaliyyətinin daha səmərəli təşkilinə, xüsusilə tədqiqat yönümlü təhsilin inkişafına, multidissiplinar elmi əməkdaşlığın genişlənməsinə, sənaye ilə universitet əməkdaşlığının güclənməsinə və beynəlxalq tədqiqat layihələrinin artırılmasına xidmət edəcək.
Yeni akademik modeldə ilk dəfə olaraq Aparıcı Tədqiqatçı (AP) əsaslı tədqiqat qrupu sistemi tətbiq edilib. Bu sistem professor və tədqiqatçıların elmi fəaliyyətinin inkişafına, qrant layihələrinin artırılmasına və gənc tədqiqatçıların hazırlanmasına imkan yaradır.
Bu islahat AzTU-nun tədqiqat universitetinə transformasiya strategiyasının mühüm mərhələsi hesab olunur.