Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya iyulun 4-də yekunlaşacaq.
Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 5-11 iyun tarixlərini əhatə edəcək.
İmtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı-elektron, II, III və IV kurslar üçün şifahi (yazılı) və test üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib.
Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçiriləcək.
Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 9-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.
Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.