Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq hər semestr AzTU tələbələri üçün ustad dərsləri təşkil olunur.
Memorandum çərçivəsində növbəti ustad dərsi “İnformasiya təhlükəsizliyində idarəetmə və uyğunluq yanaşması” mövzusuna həsr olunub. İnformasiya təhlükəsizliyi idarəetmə sistemlərinin qurulması, risklərin idarə olunması, təhlükəsizlik siyasətlərinin formalaşdırılması, beynəlxalq uyğunluq tələbləri və təşkilatlarda təhlükəsizlik mədəniyyətinin inkişafı kimi mühüm məqamlar iştirakçılara təqdim edilib.
Ustad dərsində AzTU-nun Kibertəhlükəsizlik kafedrasının tələbələri və müəllim heyəti iştirak edib. Auditoriyada mövzuya böyük maraq göstərilib, tələbələr tərəfindən verilən çoxsaylı suallar müzakirələrin interaktiv şəkildə keçməsinə səbəb olub.
Tədbirin sonunda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, tələbələrin praktiki biliklərinin artırılması və kibertəhlükəsizlik sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan növbəti ustad dərsləri barədə məlumat verilib.