Azərbaycan Texniki Universitetində (AzTU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda seminar keçirilib. AzTU-nun prorektoru Fariz Mustafayev ekoloji təhlükəsizliyin təmin olunmasının milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, dayanıqlı inkişafın təmin edilməsi, fövqəladə hallara hazırlıq və risklərin idarə olunmasının əhəmiyyətindən bəhs edib.
Daha sonra Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Vidadi Mustafayev və şöbənin fövqəladə hallar və mülki müdafiə üzrə aparıcı mühəndisi Afər İbrahimov çıxış ediblər. Çıxışlar zamanı qlobal ekoloji problemlər, antropogen təsirlər, ekoloji risklərin qiymətləndirilməsi və idarə olunması mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji risklərin düzgün qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və effektiv idarəetmə mexanizmləri təhlükəsiz, dayanıqlı və sabit cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Çıxışlarda həmçinin vurğulanıb ki, ətraf mühitin mühafizəsi, ictimai təhlükəsizliyin gücləndirilməsi, hesabatlılıq, şəffaflıq və məsuliyyətli qərar qəbuletmə prinsiplərinin təşviqi institusional dayanıqlığın artırılmasına xidmət edir və ekoloji risklərin azaldılmasında vacib amillərdən biridir.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb. Seminar çərçivəsində ekoloji risklərin azaldılması, fövqəladə hallara davamlılıq və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətin vacibliyi bir daha diqqətə çatdırılıb.