Azərbaycan Texniki Universitetində (AzTU) universitetin tələbəsi, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Cəmil Məmmədlinin xatirəsinə həsr olunan “Elə bir ömür yaşayacam ki...” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, həmçinin universitetin müəllim və tələbələri iştirak edib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva universitetdə şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı görülən işlərdən danışıb. Nərmin Rzayeva 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 35 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini deyib. Bildirib ki, AzTU-nun şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarının adları universitetin auditoriyalarına verilib. Universitetdə mütəmadi olaraq tələbə və məzun şəhidlərimizin ailə üzvləri ilə görüşlər keçirilir. Prorektor şəhidlərin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıqlarının gənc nəslə aşılanması üçün belə tədbirlərin keçirilməsinin önəmindən danışıb.
“Elə bir ömür yaşayacam ki...” filminin ssenari müəllifi Mehriban Sadıqova ekran işinin çəkilməsində dəstək göstərənlərə təşəkkür edib.
Daha sonra film nümayiş olunub.
Tədbirin sonunda AzTU-nun Şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmədova və şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli filmin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür ediblər.